Bakı. Trend:
Cənubi Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel
Company” QSC (BSC) rəqəmsal transformasiya strategiyası
çərçivəsində həyata keçirdiyi SAP S/4HANA layihəsinin tətbiqini
uğurla tamamlayaraq, sistemi “canlı” istifadəyə verib. Layihə
nəticəsində BSC, eləcə də onun Azərboru və AzFerAl İstehsalat
sahələrində bütün kritik iş prosesləri vahid SAP platformasında
birləşdirilib və tam inteqrasiya olunmuş rəqəmsal idarəetmə
infrastrukturu formalaşdırılıb.
Yeni sistemin əsas üstünlükləri beynəlxalq standartlara
uyğunluq, real vaxt rejimində vahid idarəetmə, şəffaf və izlənilə
bilən proseslərin tam inteqrasiyası, insan faktorunun minimuma
endirilməsi, istehsal və logistika səmərəliliyi, ölçüləbilən
performans, proqnozlaşdırma və təhlil imkanı, gələcək
texnologiyalar üçün hazır infrastrukturdur. “Canlı” istifadəyə
keçidlə birlikdə əməliyyat səmərəliliyi və məlumatların idarə
olunmasında ilkin müsbət nəticələr artıq müşahidə olunur.
Layihə çərçivəsində SAP sisteminin tam inteqrasiya
olunan modulları:
- Maliyyə (FI, CO, AA, FM, CM);
- Satınalma və Logistika (MM);
- İstehsal (PP);
- Keyfiyyətin İdarə Olunması (QM);
- Satış (SD);
- Texniki Xidmət Planlaması (PM);
- Sənəd İdarəetməsi (DMS).
Nəticədə qrup şirkətlərinin bütün əməliyyat prosesləri
vahid rəqəmsal platforma üzərindən idarə edilən sistemə
çevrilib.
Bundan əlavə, mal qəbulu, satış, istehsal və inventar sayımı
kimi kritik proseslərdə səmərəliliyin artırılması və insan
faktorunun minimuma endirilməsi məqsədilə əl terminalları, tərəzi
inteqrasiyaları və interaktiv etiket sistemləri SAP ilə inteqrasiya
edilərək istifadəyə verilib. Bu həllər proseslərin
avtomatlaşdırılmasını və real vaxt rejimində məlumat axınını təmin
edir.
Strateji rəqəmsal addım (bütün iş prosesləri vahid
platformada):
BSC-nin Rəqəmsal transformasiya şöbəsinin rəhbəri, SAP S/4HANA
layihəsinin meneceri Qalib Məmmədov qeyd edib:
“SAP S/4HANA sisteminin “canlı” istifadəyə verilməsi BSC-nin
rəqəmsal transformasiya yolunda atdığı ən mühüm addımlardan
biridir. Bu layihə ilə əsas iş prosesləri vahid platformada
birləşdirildi, idarəetmə daha şəffaf, çevik və məlumatlar bazası
yönümlü hala gəldi. Növbəti mərhələdə süni zəka və analitik
həllərlə əməliyyat səmərəliliyini daha da artırmağı və qərarvermə
proseslərini tam rəqəmsal əsas üzərində qurmağı
planlaşdırırıq”.

Layihə, SAP-ın Türkiyədə ilk “qızıl tərəfdaş”ı olan “Nagarro”
ilə əməkdaşlıq çərçivəsində, BSC-nin Rəqəmsal transformasiya
şöbəsinin komandası tərəfindən icra olunub. Planlaşdırıldığı kimi,
layihə 13 ay ərzində tamamlanıb. Bu müddətdə məlumatların
standartlaşdırılması, istifadəçi təlimləri, çoxmərhələli testlər və
pilot tətbiqlər tam şəkildə həyata keçirilib.

SAP S/4HANA ilə beynəlxalq rəqabət gücünün
artırılması:
BSC-nin Baş direktorunun müavini, SAP S/4HANA layihəsinin
kuratoru Sultan Əskərov bildirib:
“SAP S/4HANA layihəsi BSC üçün yalnız texnoloji yenilik
deyil, həm də strateji çeviklik və innovativ liderlik istiqamətində
atılmış kritik addımdır. Bu sistem sayəsində əməliyyatlarda tam
şəffaflıq, real vaxt rejimində idarəetmə və məlumatlar bazası
yönümlü qərarvermə təmin olunub. Bu transformasiya şirkətimizin
dayanıqlı böyüməsinə, beynəlxalq rəqabət gücünün artırılmasına və
yeni nəsil sənaye modellərinə adaptasiyasına birbaşa töhfə
verir”.
Qeyd edək ki, bu gün “Nagarro Global” şirkətinin İdarə Heyətinin
üzvü, SAP S/4HANA layihəsinin baş kuratoru Muhammed Yusuf Çetin ilə
BSC-nin Baş direktorunun müavini, layihənin kuratoru Sultan Əskərov
arasında qəbul aktı imzalanıb.

Hər iki şirkətin rəhbər heyətlərinin iştirakı ilə baş tutan
görüşdə planlar və perspektivdə görüləcək işlər müzakirə olunub.
Növbəti mərhələdə BSC, SAP ekosistemində yeni həllərin tətbiqini
planlaşdırır. Bunlara “SAP Analytics Cloud”, mobil tətbiqlər, iş
ortaqları ilə rəqəmsal inteqrasiyanın genişləndirilməsi
(e-sourcing, e-commerce, bank inteqrasiyaları) və informasiya
təhlükəsizliyinin daha da gücləndirilməsi daxildir. “SAP Analytics
Cloud”un tətbiqi ilə qrup şirkətlərində vahid idarəetmə və
hesabatlılıq strukturu formalaşdırılacaq.

Şirkətin rəqəmsal transformasiya strategiyasının əsas
prioritetləri əməliyyatların avtomatlaşdırılması, süni zəka və
analitik həllərlə məlumatlar bazası yönümlü idarəetmənin
gücləndirilməsi, proqnozlaşdırıcı təhlillərin proseslərə
inteqrasiyası və insan səhvlərinin minimuma endirilməsidir.
SAP sistemlərinin dövlətin Data Mərkəzində yerləşdirilməsi
ölkədə həyata keçirilən rəqəmsal inkişaf siyasətinə uyğun olmaqla
yanaşı, şirkətimizin informasiya təhlükəsizliyi və müasir idarəetmə
prinsiplərinə sadiqliyini əks etdirir. Bu yanaşma əməliyyat
proseslərinin daha səmərəli və inteqrasiya olunmuş şəkildə idarə
edilməsinə, eləcə də gələcək texnoloji yeniliklər üçün etibarlı və
dayanıqlı infrastrukturun formalaşdırılmasına xidmət edir.
Bu genişmiqyaslı transformasiya nəticəsində BSC mövcud
əməliyyatlarını müasirləşdirməklə yanaşı, gələcəyin rəqəmsal sənaye
standartlarına uyğunlaşan regional lider kimi mövqeyini daha da
möhkəmləndirərək texnologiyanı strateji dəyər kimi
prioritetləşdirməyə davam edir.

