
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin
magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul
imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95
tapşırıq) üzrə nəticələrini elan edib.
Trend xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilir ki, imtahan nəticələri ilə buradan tanış olmaq mümkündür. Bakalavrlar imtahanın
nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell,
Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə
də öyrənə bilərlər.
Yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları
yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq
ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95,
esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 22780
bakalavrdan 519 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını
pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçılarının nəticələri ilə bağlı apellyasiya
müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq.
Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və
yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq. Cavab kartındakı
mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun
olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik
qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən
düzəlişlərə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.)
baxılmayacaq.

