
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanla Gürcüstan arasında ticarət
əməliyyatlarının həcmi 77,9 milyon ABŞ dolları təşkil edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 4,8 milyon ABŞ dolları və ya 6,6% çoxdur.
Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 69,3 milyon
dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 4,7 milyon ABŞ dolları və ya 7,3% çoxdur.
Hesabat ayı ərzində Azərbaycandan Gürcüstana ixrac
əməliyyatlarının 31,617 milyon dollarını qeyri-neft məhsulları
təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstərici ilə
müqayisədə 5,1 milyon ABŞ dolları və ya 19,4% çoxdur. Gürcüstana
qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi qeyri-neft
ixracına nisbətən 11,78% paya malik olub. Bununla da hesabat ayında
Gürcüstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi
ölkələr siyahısında 3-cü pillədə qərarlaşıb.
Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 8,6 milyon ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci
ilin eyni dövrü ilə müqayisədə 51 min ABŞ dolları və ya 0,6% artım
deməkdir.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə
3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%
azdır.
Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,
1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və
ya 36,5% azalıb.
Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%
azdır.

