Bakı. Trend:
Fevralın 16-dan 22-nə qədər geomaqnit sahəsinin aktivləşməsi ilə
əlaqədar havada maqnit qasırğası müşahidə olunur. Maqnit qasırğası
müşahidə olunan günlərdə meteohəssas insanlar üçün xəbərdarlıq
verilir.
Bəs meteohəssas insanlar kimlərdir? Onlar üçün əlverişsiz
sayılan hava şəraiti hansı problemlər yaradır? Maqnit qasırğası
müşahidə olunan günlərdə hansı tədbirləri görmək lazımdır? Maqnit
qasırğaları insan sağlamlığına hansı ciddi təsirləri göstərə bilər
və hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Trend-in sorğusunu Nizami Tibb Mərkəzi-nin
həkim-terapevti Könül Muxtarova cavablandırıb.
Meteohəssaslıq xüsusilə yaşlılarda, ürək-damar
xəstəlikləri olan və hipertoniyadan əziyyət çəkən şəxslərdə rast
gəlinən real klinik fenomendir
Həkimin sözlərinə görə, meteohəssaslıq atmosfer təzyiqi,
temperatur, külək və rütubət dəyişikliklərinə qarşı orqanizmin
verdiyi patoloji reaksiyadır:
“Başqa sözlə, bu, bədənin hava şəraitinə qarşı həddindən artıq
hiperhəssaslıq reaksiyasıdır. Ölkəmizdə, xüsusən də paytaxtda
havaların tez-tez küləkli keçməsi və təzyiqin dəyişkən olması
səbəbilə meteohəssaslığa daha çox rast gəlinir”.
Maqnit qasırğası qanın laxtalanma prosesinə təsir
göstərə, melatonin sekresiyasını artıra və avtonom sinir sisteminə
birbaşa təsir edə bilir
Könül Muxtarova bildirib ki, meteohəssaslıq əsasən aşağıdakı
qruplarda daha çox rast gəlinir:

“Arterial hipertoniyası olanlar, ürək xəstəlikləri olan şəxslər,
miqren xəstələri, stent qoyulmuş pasiyentlər, insult keçirmiş
şəxslər, revmatoloji xəstəlikləri olanlar, yuxarı və aşağı tənəffüs
yollarının xroniki xəstəlikləri olanlar(xroniki bronxit, xroniki
obstruktiv ağciyər xəstəliyi), yaşlılar, hamilələr, psixi-emosional
stressə meyilli insanlar”.
Maqnit qasırğası zamanı müşahidə olunan simptomlar:
aritmiya, miqren, təzyiq dəyişkənliyi, yorğunluq,
halsızlıq
Həkim maqnit qasırğasının meteohəssas şəxslərə təsir mexanizminə
də aydınlıq gətirib. Onun sözlərinə görə, atmosfer təzyiqinin
kəskin dəyişməsi ilk növbədə baş ağrısına səbəb olur:
“Arterial təzyiq ya həddindən artıq yüksələ, ya da enə bilər.
Ürək döyüntülərinin sayı dəyişir, aritmiya, başgicəllənmə meydana
çıxır. Belə şəxslər tez-tez ürəkbulanma və yuxusuzluqdan əziyyət
çəkirlər”.
Temperatur dəyişikliklərinin meteohəssas şəxslərə
təsiri
“Yay aylarında temperaturun kəskin artması damarların
genişlənməsinə səbəb olur. Bu zaman arterial təzyiq enir,
susuzlaşma yaranır, ürək döyüntüləri artır və tromboz riski
yüksəlir. Bəzi hallarda bu vəziyyət ölümə qədər nəticələnə bilər.
Soyuq havalarda isə əksinə, damar daralması baş verdiyi üçün
arterial təzyiq kəskin qalxır. Bu, stenokardiya tutmalarına səbəb
olur və miokard infarktı riskini artırır”.
Yay və qış aylarında risk fərqləri
Könül Muxtarova bildirib ki, maqnit qasırğasının təsir mexanizmi
əsasən eynidir, lakin fəsillərə görə risk dəyişir:
“Qış aylarında D vitamini çatışmazlığı səbəbilə immun sistem
zəifləyir və bu, hipertoniya və ürəyin işemik xəstəlikləri üçün
əlavə risk yaradır.
Qış aylarında müşahidə olunan maqnit qasırğası infarkt
və insult riskini artırır
Yay aylarında isə susuzlaşma fonunda bayılmalar və hipotonik
hallar daha çox müşahidə olunur. Yaşlı və aşağı təzyiqə meyilli
şəxslər üçün yay mövsümündə maqnit qasırğası daha
təhlükəlidir.Ürək-damar xəstəlikləri olan şəxslər üçün isə qış
aylarındakı maqnit qasırğası daha yüksək risk daşıyır. Bu dövrdə
qanın osmotikliyi və simpatik aktivlik artır, nəticədə infarkt və
insult riski yüksəlir”.

Həkim-terapevt meteohəssas insanlar üçün maqnit qasırğası
günlərində tövsiyyələr və mülaicə üsullarından da danışıb:
“Əgər hipertoniyalı xəstə eyni zamanda meteohəssasdırsa, maqnit
qasırğası günlərində arterial təzyiq mütləq şəkildə mütəmadi
nəzarətdə saxlanmalıdır.
Təzyiq gün ərzində bir neçə dəfə ölçülməlidir. Təzyiq 140/90 mm
civə sütunundan yuxarıdırsa, dərman qəbulu vacibdir.
Gündə ən azı 2 litr maye qəbul edilməli, susuzlaşmanın qarşısı
alınmalıdır.
Ürək çatışmazlığı olan xəstələr maye miqdarını həkimlə
məsləhətləşməlidir. Dərman dozasının artırılması yalnız həkim
qərarı ilə aparılmalıdır.
Stressdən uzaq durmaq lazımdır, çünki stress simpatik aktivliyi
artırır.
Yuxu rejiminə əməl olunmalı, lazım gələrsə melatonin pozğunluğu
üçün həkim məsləhəti alınmalıdır. Su-duz mübadiləsi nəzarətdə
saxlanmalı, D vitamini və maqnezium qəbulu tövsiyə olunur. Bəzi
hallarda təzyiq dərmanlarının qəbul vaxtı dəyişdirilə bilər, bu da
yalnız həkim nəzarəti ilə edilməlidir”, o, vurğulayıb.

