
Bakı.Trend:
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş
ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat
xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt-Laçın müntəzəm
avtobus reysi təşkil edilir.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
məlumat yayıb.
Bildirilir ki, fevralın 23-dən fəaliyyətə başlayacaq reys üzrə
avtobuslar hər gün Sumqayıt Avtovağzalından saat 07:00-da, əks
istiqamətdə isə 17:30-da yola düşəcək. Sumqayıt-Laçın reysi üzrə
gedişhaqqı 16,60 AZN müəyyən edilib.
Xocalı, Xankəndi və Şuşa şəhərləri marşrut üzrə aralıq
məntəqələri təyin edilib. Sumqayıt-Xocalı üzrə gedişhaqqı 14,30
AZN, Sumqayıt-Xankəndi üzrə 14,80 AZN, Sumqayıt-Şuşa üzrə isə 15,20
AZN müəyyən edilib.
Qeyd edək ki, biletləri yalnız onlayn qaydada “biletim.az”
portalı üzərindən əldə etmək mümkündür.
Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və
ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş
ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim
olunur.

