15 yaşı tamam olacaq oğlanların ilkin hərbi qeydiyyatı “mygov” vasitəsilə mümkün olacaq

Baş səhifə

Bakı. Trend:

Valideynlər 15 yaşı tamam olacaq oğlan övladlarını ilkin hərbi
qeydiyyatdan keçirmək üçün “mygov” vasitəsilə müraciət göndərə
bilərlər.

Bu barədə Trend-ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən
məlumat verilib.

Bildirilir ki, “mygov” platformasında daha bir yeni rəqəmsal
xidmət istifadəyə verilib. Artıq 2026-cı ildə 15 yaşı tamam olacaq
kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması xidməti
platformada əlçatandır. Xidmət vasitəsilə valideynlər övladlarını
ilkin hərbi qeydiyyatdan keçirmək üçün müraciət göndərə
bilərlər.

Xidmətin platformaya inteqrasiyası İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyi ilə Azərbaycan Respublikasının Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə əməkdaşlığı
nəticəsində həyata keçirilib.

Xidmətdən istifadə prosesi bir neçə mərhələdən ibarətdir. Bunun
üçün çağırışaqədərki yaş həddində olan vətəndaşın valideyni
platformanın “Xidmətlər” bölməsinə daxil olaraq “Hərbi”
kateqoriyasını seçir və “İlkin hərbi qeydiyyat” xidmətinə keçir.
Açılan səhifədə “Yeni müraciət” bölməsinə daxil olduqdan sonra
ekranda cari il üzrə 15 yaşı tamam olmuş övladın ad, soyad və ata
adı göstərilən xanadan seçim edilir. Növbəti mərhələdə övladın qısa
tərcümeyi-halı sistemə daxil edilir. Orta təhsilini xarici ölkədə
alan şəxslər üçün müvafiq arayışın əlavə edilməsi tələb olunur.
Həmçinin əlaqə üçün mobil nömrə qeyd edilir və müraciət
təsdiqlənərək göndərilir.




Proseslə paralel olaraq valideynin “mygov” kabinetinə övladının
tibbi müayinələrdən keçməsi ilə bağlı bildiriş məlumatı daxil olur.
Müayinəni keçdikdən sonra çağırışaqədərki yaş həddində olan
vətəndaş hərbi qeydiyyata götürülməli olduğu Xidmətin struktur
bölməsinin hərbi həkim komissiyasına əyani baxış üçün
yaxınlaşmalıdır.

Prosesin şəffaflığını təmin etmək məqsədilə valideynlər şəxsi
kabinetlərindən göndərdiyi müraciətin icra vəziyyətini izləyə
bilir, eyni zamanda ilkin hərbi qeydiyyata alınma prosesi bitdikdən
sonra onlara bu barədə bildiriş göndərilir.
Məlumat üçün qeyd edək ki, artıq ilkin hərbi qeydiyyata alınma
haqqında vəsiqə (kağız daşıyıcı) bu ildən ləğv olunub və bu proses
yalnız “mygov” platforması üzərindən aparılır.

Sözügedən xidmət həm my.gov.az veb portalı, həm də “mygov” mobil tətbiqi
üzərindən əlçatandır.

Xatırladaq ki, “mygov” platforması vasitəsilə vətəndaşlara aid
hərbi qeydiyyat, həqiqi hərbi xidmət, çağırışdan möhlət və digər
hərbi məlumatlar da tam rəqəmsal formada təqdim olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir