
Bakı. Trend:
Hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı
elektrik enerjisinin quraşdırılmış gücündə 44 faiz, istehsalında
isə 36,4 faiz təşkil edir.
Trend xəbər
verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov
nazirlikdə “Azərenerji” ASC, Naxçıvan Muxtar Respublikasının
iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Bərpa Olunan Enerji
Mənbələri Dövlət Agentliyi, “Azerbaijan Green Enerji Company”
(AGEC), “CEI Naxçıvan” MMC, “Nobel Energy” və “Enerso” MMC-nin
rəhbər şəxslərinin iştirakı ilə keçirilən görüşdə bildirib.
Energetika naziri Pərviz Şahbazov deyib: “Naxçıvan Muxtar
Respublikasının enerji təhlükəsizliyinin gücləndirilməsi, davamlı
sosial-iqtisadi inkişafının sürətləndirilməsi və onun regional
enerji istehsalı və ixrac mərkəzinə çevrilməsi məqsədilə bərpa
olunan enerji mənbələrinin geniş tətbiqi dövlət başçısının strateji
kursunda prioritet istiqamətlərdən biridir. Hazırda Naxçıvanda
bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin
quraşdırılmış gücündə 44 faiz, istehsalında isə 36,4 faiz təşkil
edir. Naxçıvanda bərpa olunan enerji sahəsində özəl investisiyanın
ilk nümunələri olan, ümumi investisiya dəyəri 60 milyon manatdan
çox təşkil edən “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik
stansiyaları bölgədə “yaşıl inkişaf” modelinin formalaşmasına mühüm
töhfə verəcəkdir”.
Görüşdə Azərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə
“CEI Nakhchivan” MMC arasında Naxçıvan Muxtar Respublikasında 25
MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə
“İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və
“Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Həmçinin
Azərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə “Enerso”
MMC arasında 25 MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası
layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı
müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
Şirkətlərlə stansiyalar üzrə investisiya müqavilələri Azərbaycan
Respublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov,
enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri isə
“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev tərəfindən
imzalanıb.
Bu layihələrin reallaşması nəticəsində ümumilikdə illik 122
milyon kVt·st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 26
milyon kubmetr qaza qənaət edilməsinə, 57 min ton karbon
emissiyasının azaldılmasına imkan yaradacaq.

