
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 300-ə yaxın rəhbər
heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib.
Trend bu
barədə SOCAR-a istinadən xəbər verir.
“Performans (Xidməti fəaliyyətin idarə edilməsi) mədəniyyətinin
təşviqi” Proqramı çərçivəsində keçirilən Forum şirkət daxilində
performansın idarə edilməsi prosesində iştirak edən bütün maraqlı
tərəflər arasında konstruktiv dialoqu və nəticəyönümlü qərarvermə
mədəniyyətini təşviq etmək, mövcud çağırışların sistemli şəkildə
müzakirəsini təmin etmək və növbəti mərhələlər üzrə prioritetləri
müəyyənləşdirmək məqsədi daşıyıb.
Tədbir çərçivəsində SOCAR Qrupa daxil müəssisələrin rəhbərləri
və insan resursları sahəsi üzrə məsul şəxslər üçün “Nəticəni idarə
edən liderlik: strategiya, mədəniyyət və davranış”, “İnsan
kapitalının biznes nəticələrinə təsiri: performans sistemlərindən
strateji dəyər yaratmaq” mövzularında panel sessiyaları təşkil
olunub. Sessiyalarda strateji hədəflərin təşkilatın bütün
səviyyələrində düzgün şaxələndirilməsinin əhəmiyyəti, rəhbərlərin
davamlı əks-rəy vermə bacarıqlarının gücləndirilməsinin vacibliyi
və performans qiymətləndirilməsində obyektivlik prinsipinin
qorunmasının etimad mühitinin formalaşmasında əsas amil olduğu qeyd
edilib. Həmçinin sessiyalarda əməkdaşların fəaliyyətinin obyektiv
və şəffaf qiymətləndirilməsinin onların həvəsləndirilməsinə,
hesabatlılığa müsbət təsiri, data-əsaslı qərarvermə yanaşmasının
gücləndirilməsi və resursların daha səmərəli bölgüsünün təmin
olunması kimi məsələlər müzakirə edilib.
Forumda yüksək performans mədəniyyətinin təşviqinə töhfə verən
performans məsləhətçilərinin təltifetmə mərasimi keçirilib, onlara
təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, SOCAR-da 2024-cü ildən etibarən sistemli şəkildə
tətbiq olunan Performans idarəetmə (xidməti fəaliyyətin idarə
edilməsi) sistemi struktura daxil olan müəssisələr üzrə ümumilikdə
42 mindən çox heyəti əhatə edir və 14 mindən çox mütəxəssis-texniki
heyət performansı fərdi hədəf kartları əsasında idarə edilir.
Performans idarəetmə sistemi fəaliyyətin strateji hədəflərə uyğun
planlaşdırılması, hədəflərin təyin edilməsi, il ərzində davamlı
monitorinq və əks-rəy mexanizmlərinin tətbiqi, ilin sonunda
fəaliyyətin qiymətləndirilməsi və nəticəyə əsaslanan maddi
mükafatlandırma proseslərini əhatə edir.

