Turizmin inkişafına dair Dövlət Proqramı hazırlanıb – Sədr

Baş səhifə

Bakı. Trend:

Turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet
istiqamətləri müəyyən edilib.

Trend xəbər
verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli
Məclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin
mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən
ictimai dinləmədə deyib.

Sədr bildirib ki, bura hədəf bazarlar üçün vizasız rejimin
tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından
rəqabət qabiliyyətinin təmin edilməsi, dayanıqlı Turizm İnkişaf
Fondunun yaradılması, əlverişli fiskal və investisiya mühitinin
formalaşdırılması daxildir. Eləcə də Turizm İnvestisiya Təşviqi
Sənədinin yaradılması, həmçinin istehlakçı təcrübəsinə mənfi təsir
edən rəqəmsal ödənişlər, nəqliyyat əlçatanlığı, rəqəmsallaşma və
mədəni-təbii irs obyektlərinə çıxışla əlaqəli bir sıra əsas
maneələrin aradan qaldırılması üzrə tədbirlər də nəzərdə
tutulur:

“Bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi turizm
sahəsində sistemli, balanslaşdırılmış və iqtisadi cəhətdən
ölçüləbilən artımı təmin edəcək. Eləcə də turizm xidmətlərinin
ixracını artıracaq, yeni iş yerlərinin yaradılmasına şərait
yaradacaq və Azərbaycanın turizm istiqaməti kimi beynəlxalq rəqabət
qabiliyyətini gücləndirəcək”.




F.Nağıyev vurğulayıb ki, Dövlət Turizm Agentliyi tərəfindən bu
prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsini təmin
etmək məqsədilə “Azərbaycan Respublikasında 2026-2030-cu illərdə
turizmin inkişafına dair Dövlət Proqramı” hazırlanıb. Hazırda
proqram qurumlar arasında müzakirə mərhələsindədir:

“Sənəddə hava əlaqələrinin genişlənməsinin təşviq olunması,
ölkənin qastonomiy, sağlamlıq, qış və eko turizm istiqaməti kimi
tanıdılması, turizm sahəsində mikro və kiçik sahibkarlıq
subyektlərinin dəstəklənməsi, sənaye subyektlərinin təsnifat və
uçot sisteminin təkmilləşdirilməsi kimi məsələlər öz əksini
tapıb.

Həmçinin regionlarda yerləşən əsas turizm məntəqələrinin
əlçatanlığının artırılması, turizm sahəsinə aid təhsil
proqramlarının və infrastrukturun inkişaf etdirilməsi və bu kimi
inkişafa dəstək verən digər fəaliyyətlər nəzərdə tutulub. Hədəf
turizm bazarlarında təbliğatın, sosial media kampaniyalarının
genişləndirilməsi də prioritetlərdən biridir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir