
Bakı. Trend:
Gələcəkdə bərpa olunan enerjinin Azərbaycan və Türkiyə üzərindən
Avropaya çatdırılması real və mümkün perspektivdir.
Bunu Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini
Zafer Demircan bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət
Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası
nazirlərinin 4-cü iclası çərçivəsində Trend-ə açıqlamasında
deyib.
Onun sözlərinə görə, regional və beynəlxalq layihələr həmin
region və ümumilikdə beynəlxalq mühit üçün mühüm ticarət və
əməkdaşlıq imkanları yaradır:
“Xüsusilə enerji sahəsində əməkdaşlığa prioritet verilməsi
məqsədəuyğundur. Ölkələrin enerji təchizatının təhlükəsizliyinin
təmin olunmasında belə regional əməkdaşlıq modelləri uğurlu və
nümunəvi təcrübə hesab oluna bilər. Bugünkü görüşdə də bir çox ölkə
qarşılıqlı əməkdaşlığın necə inkişaf etdirilə biləcəyi barədə fikir
mübadiləsi aparacaq və birgə həyata keçirilə biləcək layihələri
müzakirə edəcək”.
Nazir müavini vurğulayıb ki, Türkiyə bu cür regional layihələrdə
fəal və təsirli iştirak etmək niyyətindədir:
“Bu iştirak yalnız qaz sahəsi ilə məhdudlaşmayacaq, gələcəkdə
regional elektrik layihələrində də Türkiyənin mühüm rolu
olacaq.
Azərbaycan və Türkiyə indiyədək bir çox irimiqyaslı layihələri
birgə hazırlayıb və uğurla həyata keçiriblər, hazırda da bu
əməkdaşlıq davam edir və gələcəkdə yeni layihələr reallaşdırılacaq.
Mövcud təcrübə və zəngin bilik bazası yeni təşəbbüslər üçün ciddi
əsas yaradır”.
“Azərbaycan və Türkiyənin iştirak etdiyi bütün regional və
beynəlxalq layihələrin uğurlu olacağına inanırıq. Bərpa olunan
enerji sahəsində də qaz üzrə əldə olunan əməkdaşlıq təcrübəsinin
yeni mərhələdə tətbiq edilə bilər. Gələcəkdə bərpa olunan enerjinin
Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılması da real və
mümkün perspektivdir”, – nazir müavini əlavə edib.

