XİN Səudiyyə Ərəbistanından təxliyə olunan azərbaycanlıların sayını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə
Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycan
vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər
Rusiya vətəndaşı olan azərbaycanlı ölkəmizə təxliyyə olunub.

Trend-in Xarici
İşlər Nazirliyindən istinadən verdiyi məlumata görə, bu barədə
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan
Hacızadə Yaxın Şərq regionunda vətəndaşlarımızın təxliyyəsi ilə
bağlı yerli mətbuatın sualına cavabında deyib.

“Hərbi eskalasiya başlayan ilk gündən etibarən bölgədə yerləşən
Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş
rejimdə davam etdirir, vətəndaşlarımıza müvafiq dədtək göstərilməsi
istiqamətində tədbirlər görülür. İndiyə qədər, bir nəfər istisna
olmaqla vətəndaşlarımız arasında xəsarət alan olmayıb.

Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, bu gün Azərbaycan Hava
Yollarına məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə Ərəbistanının
Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan
vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan
azərbaycanlı ölkəmizə təxliyyə olunub”, – deyə o bildirib.

A.Hacızadə əlavə edib ki, bununla yanaşı, ölkəmizin Birləşmiş
Ərəb Əmirliklərində (BƏƏ) yerləşən vətəndaşlarımızın müntəzəm
reyslərlə ölkəmizə qayıdışı BƏƏ-nin aidiyyəti hava yolları
tərəfindən həyata keçirilir. Dünən ümumilikdə 257 nəfər Azərbaycan
vətəndaşı ölkəmizə geri qayıdıb. Dubay şəhərindən bu gün 1, 5 mart
tarixində isə 2 müntəzəm təyyarə reysi nəzərdə tutulub.

“Bununla yanaşı, hal-hazırda Qətərdə olan 200 nəfər
vətəndaşımızın ölkəmiz tərəfindən xüsusi təyyarə reysi ilə
təxliyyəsi istiqamətində iş aparılır. Qeyd edək ki, Qətər hava
məkanı bağlı olduğu üçün, vətəndaşlarımızın Səudiyyə Ərəbistanı
ərazisindən təxliyyəsi planlaşdırılır.

Bununla yanaşı, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət
xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan
vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı
olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur.
İndiyə qədər 260 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid
edib.

Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini
diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və
tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq
durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş
olunur”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir