
Bakı. Trend:
5 mart 2026-cı il tarixində Qırğız Respublikasının xarici işlər
naziri Ceenbek Kulubayev Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramova telefonla zəng edib.
Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.
Telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İran
tərəfindən həyata keçirilmiş dron hücumları barədə ətraflı məlumat
verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı
həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və
prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına
xidmət edir.
Nazir İran tərəfindən üzr istənilməsinin, məsələyə dair izahat
verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün
tədbirlərin görülməsinin tələb olunduğunu diqqətə çatdırıb.
Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev isə
Azərbaycan Respublikasının ərazisinə qarşı dron hücumlarının
narahatlıq doğurduğunu bildirərək, ölkəsinin Azərbaycanla həmrəy
olduğunu qeyd edib. O, bu kimi hücumların regionda gərginliyin daha
da artmasına xidmət etdiyini vurğulayıb.
Söhbət zamanı Yaxın Şərqdə mövcud vəziyyətin daha da
gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin
artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və
prinsiplərinə hörmətin vacibliyi qeyd olunub.
Nazir Ceenbek Kulubayev İranda olan Qırğız vətəndaşlarının
Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi üçün
yaradılmış şəraitə görə ölkəmizə təşəkkür edib və göstərilən
operativ dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

