
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Martın 5-də Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə zəng edib.
Trend xəbər verir
ki, danışıq zamanı Şavkat Mirziyoyev İranın pilotsuz uçuş
aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları
qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə
edərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu
vurğulayıb.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron
hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və
Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək
partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici
İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam
Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə
aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların
gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər
görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər
Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

