Vəkillər Kollegiyasının qərarı: bir vəkil xaric edilib, üçü cərimələnib

Baş səhifə

Bakı.Trend:

2026-cı il dekabrın 5-də Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə Trend-ə Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri
Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata
keçirilmiş tədbirlər, görülmüş işlər barədə ətraflı məlumat verib,
habelə qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü
münasibətilə bütün Azərbaycan xanımlarını təbrik edib, onlara
möhkəm cansağlığı, səadət və işlərində müvəffəqiyyətlər
arzulayıb.

Gündəliyə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına
keçməsi, yeni Vəkil Bürosunun təsis edilməsi, müəyyən müddətə
üzvlük haqqından azad olunma və yaranmış borcların silinməsi ilə
bağlı müraciətlərinə baxılıb. Müraciətlər müzakirə edildikdən sonra
Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul olunub.

Həmçinin iclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə
Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin
göstərilməsi ilə bağlı ADA Universiteti tərəfindən daxil olmuş
müraciətə baxılıb. Hüquq fakültəsinin tələbələrinin beynəlxalq
səviyyədə təmsilçiliyinin və praktiki biliklərinin artırılmasının
əhəmiyyəti nəzərə alınaraq, müvafiq maliyyə dəstəyinin göstərilməsi
barədə müsbət qərar qəbul edilib.




Bununla yanaşı, iclasda “Vəkillərin peşə hazırlığı və
ixtisasının artırılması haqqında” Qaydaların, VK Tədris Mərkəzinin
Əsasnaməsinin təsdiqi məsələsi müzakirə olunub. Qeyd edilən
sənədlərin vəkillərin davamlı peşə inkişafının təmin olunmasına,
tədris prosesinin sistemli və vahid standartlar əsasında təşkili
məqsədinə xidmət etdiyi bildirilib və onların təsdiqi qərara
alınıb.

Eyni zamanda Vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən
vəkillər tərəfindən 2025-ci ildə hüquqi yardım göstərilməsi ilə
bağlı illik statistik hesabatın dərc olunması məsələsinə baxılıb.
Aparılan müzakirələrdən sonra hesabatın ictimaiyyətə təqdim
edilməsi qərara alınıb.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 03 mart 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə
təyin edilmiş Kollegiyanın 12 üzvünün mükafatlandırılması və
vəkillik fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
Rəyasət Heyəti tərəfindən bununla bağlı müvafiq müsbət qərar qəbul
olunub.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə
baxılıb. Qəbul edilmiş qərarlara əsasən, yol verilmiş intizam
pozuntularına görə 1 vəkil xaric edilib, 3 vəkil barəsində cərimə
tədbiri tətbiq olunub və 1 vəkilə isə peşə fəaliyyəti zamanı
qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və
əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir