
Bakı. Trend:
2026-cı ilin yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard
manatdan çox vergi daxil olub ki, bu da proqnozdan 79,4 milyon
manat çoxdur.
Trend bu
barədə dövlət xidmətinə istinadən xəbər verir.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2 milyard 286,5
milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 69,6 milyon
manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu
sektordan vergi daxilolmaları 172,4 milyon manat və ya 8,2 faiz
artıb.
2026-cı ilin yanvar-fevral aylarında məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manatdan
çox olub, proqnozdan əlavə 20,8 mln. manata yaxın vəsait ödənilib.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 706,1 milyon manatdan
çox olub.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 37,3
milyon manata yaxın təşkil edib, proqnozdan əlavə 1,5 mln. manata
yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar
29,9 milyon manatı ötüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 163,3
milyon manatdan çox olub, proqnozdan əlavə 5,5 mln. manatdan artıq
vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 115,7
milyon manata yaxın olub.

