
Bakı. Trend:
Amerikanın strateji düşüncəsində əsas diqqət razılaşmalara və
təşviqlərə yönəlir. Münaqişələr isə icra edilə bilən çərçivələrin
yaradılması ilə idarə olunur, bu çərçivələrdə hər bir tərəf
sabitlikdən eskalasiyadan daha çox qazanc əldə etməlidir.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Avstriya Respublikasının sabiq
Federal Kansleri Alfred Husenbauer, XIII Qlobal Bakı Forumu
çərçivəsində “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq
Hüquqa Hörmət – Yeni Məsələlər, Yeni Çağırışlar” adlı paneldə
çıxışında bildirib.
Husenbauerin fikrincə, Avropa düşüncəsində əsas vurğu hüquqa,
suverenliyə və bütövlüyə edilir:
“Sülh legitimliyə və sərhədlərin toxunulmazlığı prinsipinə
əsaslanmalıdır. Çünki bu prinsiplər hər dəfə pozulduqda
qeyri-sabitlik meydana çıxır. Buna görə də Avropa üçün davamlı
razılaşma yalnız hərbi əməliyyatların dayandırılması ilə
məhdudlaşmır. Bu, həm də beynəlxalq hüquqa və dövlətlərin öz
müqəddəratını təyin etmə hüququna hörmət edən bir həll tələb edir.
Bunun əksinə olaraq, Rusiya düşüncəsi fərqli yanaşmadan çıxış edir.
Orada mədəni elementlər, prestij, tanınma və strateji bufer
zonaları ön plandadır. Təhlükəsizlik isə hüquqi çərçivələrdən daha
çox, digər güclərin Rusiyanın statusunu və təsirini nə dərəcədə
qəbul etməsi ilə müəyyən edilir”.
Husenbauer qeyd edib ki, Çin əsasən Rusiya və Avropa
yanaşmalarının qarışığıdır, lakin Amerika modelindən daha az
təsirlənib. Çin yanaşması, demək olar ki, Rusiya və Avropa
modellərinin birləşməsi kimi görünür: “Bu üç konsepsiyanı müqayisə
etdikdə, əsas gərginliklərin mənbəyi aydın olur. Çünki Amerika
modeli hesab edir ki, milli maraqlara verilən təşviqlər dövlətlərin
davranışını formalaşdıra bilər. Avropa modeli isə sabitliyin hüquqi
normalardan və suveren bərabərlikdən yarandığını qəbul edir. Rusiya
modeli isə təhlükəsizliyin gücdən, tanınmadan və ətraf məkan
üzərində nəzarətdən qaynaqlandığını düşünür”.
Siyasətçi vurğulayıb ki, Ukrayna ilə bağlı aparılan
müzakirələrdə də məhz bu vəziyyət müşahidə olunur. Görünür ki, ABŞ
və Rusiya razılaşmaya Avropa ilə Rusiyanın yaxınlaşmasından daha
çox yaxındır. Bu, əsasən təhlükəsizlik anlayışına dair fərqli
düşüncə çərçivələrindən qaynaqlanır: “Əlbəttə, təhlükəsizlik
anlayışlarındakı fərqlərlə yanaşı, hazırda başqa bir vəziyyət də
mövcuddur. Mən mövcud hökumətləri mühakimə etməyə çalışmıram. Lakin
ABŞ-ın milli təhlükəsizlik strategiyasına və Prezident Vladimir
Putinin bəyanatlarına baxdıqda belə bir təəssürat yaranır ki, hər
ikisinin ortaq rəqibi Avropa İttifaqıdır. Çünki Avropa İttifaqı,
liberal demokratiyanın son mayakı kimi görünür”.
Onun fikrincə, liberal demokratiyanın əsas dayağı hazırda Avropa
İttifaqıdır.

