
Bakı. Trend:
Müəyyən səbəblərə görə qonşu ölkələrdən pənah gətirmiş və
ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin
olunmaqda problem yaşayır. Çünki ixtisas diplomlarını tanıdılması
üçün Səhiyyə Nazirliyinə təqdim ediləndə klinik ordinatura
pilləsinin bizim təhsil sistemimizlə uyğun gəlmədiyini
bildirilir.
Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov parlamentin
bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə
fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Sədr müavini bildirib ki, bu gün ölkədə işləyən yaşı orta yaş
həddindən yuxarı olan həkimlərin əksəriyyəti ordinatura təhsillidir
və çox yaxşı mütəxəsislər kimi fəaliyyət göstərirlər:
“Bir tərəfdən Azərbaycanda həkim çatışmazlığı var, digər
tərəfdən isə hazır gəlmiş peşəkar həkimlər işlə təmin oluna
bilmirlər. Təklif edirəm ki, burada xüsusi bir humanist yanaşma
edilərək həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsini
imtahanla yoxlanılaraq diplomları tanınsın”.
Millət vəkili vurğulayıb ki, ixtisasları klinik ordinatura
səviyyəsində olduğuna görə işləməyə icazə verilmədiyindən 8 il
təhsil almış bir həkimə işləmək üçün yenidən 5 il oxumaq tələb
olunur:
“Halbuki onların 2 il ordinatura təhsili var və yenidən
rezidentura pilləsini oxuyanda oxuduqları həmin ordinatura
pilləsinin 2 ilini heç olmasa nəzərə alınmasını vacib hesab edirəm.
Çünki rezidenturada 2 illik ordinatura proqramını yenidən təkrarən
oxumalı olurlar. Bu da eyni fənlərin təkrarlanması və əlavə illərin
itirilməsi deməkdir”.

