
Bakı.Trend:
Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası
keçirilib. İclasda Komissiyaya daxil olmuş 33 müraciətə baxılaraq
müvafiq qərarlar qəbul edilib.
Bu barədə Trend-ə İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyindən (İKTA) məlumat verilib.
Bildirilib ki, bunlardan 10-u radiorabitənin təşkili məqsədilə
istifadə olunan radiostansiyalar, 4-ü gəmilərdə istifadə edilən
radio avadanlıqlar, 6-sı GNSS (Qlobal Naviqasiya Peyk Sistemi)
məlumatlarının ötürülməsi, 3-ü simsiz giriş şəbəkələri (Wi-Fi
simsiz texnologiya (5 QHs)), 1-i mobil rabitə üçün (Radiorele
xətləri) radiotezliklərin ayrılması və 3-ü yenidən rəsmiləşdirmə
ilə bağlı olub.
Komissiya üzvləri radiotezliklərin ayrılması ilə əlaqədar 33
müraciətin hamısını müsbət cavablandırıb və müvafiq icazələr
verib.
Bundan başqa, Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiq
qərarları ilə ümumilikdə 54 ədəd tezlik resursu (radiotezlik
nominalı) dövlət resursu kimi geri alınıb.
Onlardan 38-i əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazə
verilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq
könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr
haqqında” Qanuna uyğun olaraq imtina edən tezlik istifadəçisi ilə
bağlı olub.
Eyni zamanda 6 radiotezliyin “Telekommunikasiya haqqında” Qanuna
uyğun olaraq radiotezliklərin ayrılması haqqında qərar alındıqdan
sonra 1 ay müddətində Dövlət Radiotezliklər İdarəsi ilə
radiotezliklərdən istifadəyə dair müqavilə bağlamayan istifadəçidən
geri alınması ilə bağlı qərar qəbul olunub.
Habelə radiotezliklərdən 4-nün “Telekommunikasiya haqqında”
Qanuna uyğun olaraq, radiotezliklərdən istifadəyə dair bağlanılmış
müqavilədəki öhdəlikləri yerinə yetirməyən, o cümlədən tezlik
nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişləri
tam aparmayan və ayrılmış radiotezlikləri 3 ay müddətində istifadə
etməyən tezlik istifadəçilərindən alınması qərara alınıb.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2007-ci il 1
fevral tarixli 22 nömrəli qərarı ilə təsdiqlənmiş “Radiotezliklərin
ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması
qaydaları”na əsasən, respublika ərazisində istehsal edilən,
modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan
radioelektron vasitələr üçün radiotezlik zolaqlarının ayrılması
məqsədilə hüquqi və fiziki şəxslər yazılı formada Komissiyaya
müraciət etməlidirlər.
Əsasnaməsinə uyğun olaraq Dövlət Komissiyası nəzdində yaradılan
və daimi fəaliyyət göstərən Katibliyin funksiyalarını Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi bilavasitə və tabeli qurumları
vasitəsilə həyata keçirir. Katiblik Dövlət Komissiyası iclasları
ilə bağlı təşkilati məsələlərin həlli, mülki məqsədlər üçün
radiotezliklərin ayrılmasına dair müraciətlər üzrə araşdırma
aparılması, müzakirəyə çıxarılacaq məsələlərə aid sənədlərin
hazırlanması, iclasların təşkili, nəticələrinin
protokollaşdırılması və kargüzarlıq işlərini icra edir.
Radiospektr idarəçiliyini həyata keçirən İnformasiya
Kommunikasiya Texnologiyaları Agentliyi, eyni zamanda Dövlət
Komissiyası Katibliyinin vəzifələrini yerinə yetirir.

