
Bakı. Trend:
Donald Trump administrasiyası Fransanın TotalEnergies şirkətinə
ABŞ-nin şərq sahillərində planlaşdırılan dəniz külək elektrik
stansiyası layihələrindən imtina etməsi üçün təxminən 1 milyard
dollar ödəməyə razılaşıb.
Bu barədə Trend
“The Independent” nəşrinə istinadən xəbər verir.
ABŞ-nin Daxili İşlər Nazirliyi bildirib ki, əvvəlki
administrasiya dövründə əldə edilmiş lisenziyalar üçün şirkətin
xərclədiyi 928 milyon dollar geri ödəniləcək. Bu layihələr Nyu-York
və Şimali Karolina sahilləri yaxınlığında planlaşdırılmışdı.
Əvəzində “TotalEnergies” eyni həcmdə investisiyanı ABŞ-da neft
və təbii qaz hasilatına yönəldəcək. Bu, Texas ştatındakı “Rio
Grande LNG” layihəsində iştirak və Meksika körfəzində, həmçinin
şist yataqlarında hasilatın artırılmasını əhatə edir. Rəsmilər bu
addımı daha etibarlı hesab etdikləri enerji mənbələrinə keçid kimi
qiymətləndirirlər.
ABŞ-nin Daxili İşlər naziri Daq Burqam dəniz külək enerjisini
bahalı, etibarsız və subsidiyalardan asılı sahə kimi tənqid edib.
Qərar hüquqi mübahisələr fonunda qəbul olunub; belə ki, federal
məhkəmələr daha əvvəl külək layihələrinin dayandırılması cəhdlərinə
qarşı çıxmışdı. “TotalEnergies”in baş direktoru Patrik Pouyanne isə
bildirib ki, şirkət lisenziya xərclərinin geri ödənilməsi
müqabilində ABŞ-də dəniz külək enerjisi layihələrindən imtina
etməyə razılaşıb

