
Bakı. Trend:
“SpaceX” orbitdəki data mərkəzlərinin necə görünəcəyini ilk dəfə
nümayiş etdirib. Şirkətin rəhbəri, Amerikalı milyarder İlon Mask
şirkətin data mərkəzləri kimi fəaliyyət göstərəcək orbital peyk
şəbəkəsi yaratmaq planları ilə bağlı yeni texniki detalları
açıqlayıb.
Trend bu barədə
“Naked Science” nəşrinə istinadən xəbər verir.
Texas ştatının Ostin şəhərində keçirilən tədbirdə çıxış edən
Mask bildirib ki, təşəbbüs onun rəhbərlik etdiyi avtomobil
istehsalçısı “Tesla” və süni intellekt sahəsində fəaliyyət göstərən
“xAI” şirkəti ilə birgə həyata keçirilir. Layihə həm yerüstü, həm
də kosmik məqsədlər üçün zəruri olan yüksək məhsuldarlıqlı kompüter
çiplərinin istehsalını kəskin şəkildə artırmağa yönəlib.
Təqdimat zamanı Mask “AI Sat Mini” adlı peyk konseptini nümayiş
etdirib və qeyd edib ki, bu aparat gələcək sistemin ilk elementi
olacaq. Onun sözlərinə görə, hər bir belə peyk bort hesablama
sistemlərinin işləməsi üçün təxminən 100 kilovat güc təmin edə
biləcək.
Peykin konstruksiyasının əsas hissəsini nəhəng günəş panelləri
təşkil edir. Maskın təqdim etdiyi və real miqyasda hazırlanmış
illüstrasiyaya əsasən, aparat hündürlüyü 124 metr olan Starship V3
versiyalı kosmik gəmidən ölçülərinə görə xeyli böyükdür. Eyni
miqyasda müqayisə aparıldıqda peykin uzunluğu 170 metri ötür.
Bundan əlavə, aparat istiliyin kənarlaşdırılması üçün təxminən 100
kvadratmetr sahəsi olan iri radiatorla təchiz edilib.

