
Bakı. Trend:
Bir neçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardan
sonra onun fəsadlarının aradan qaldırılması və səhərin
sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması
məqsədilə bu gün genişmiqyaslı daxili iməcilik keçirib.
Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat
Xidmətindən məlumata verilib.
Bildirilib ki, səhər saatlarından Kommunal təsərrüfat
xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu
maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman
həm də məhəllədaxili və ara yollar da yuyulub.
Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin
və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət
yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və
yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə,
ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında
səliqə-sahman işləri aparılıb.
Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi
əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı
ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması,
onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib,
zədələnən budaqları budanıb, rəngbərəng güllər əkilib, müxtəlif
rəngli güllərdən kompozisiyalar yaradılıb.

