1918-ci ilin mart-aprel hadisələri milli kimliyimizə qarşı yönəlmiş sistemli cinayətdir – Kamal Cəfərov

Baş səhifə

Bakı. Trend:

1918-ci ilin mart-aprel hadisələri Azərbaycan xalqının tarixində
yalnız mülki əhaliyə qarşı törədilmiş kütləvi bir qırğın olmayıb,
eyni zamanda bu hadisələr milli kimliyimizə qarşı yönəlmiş sistemli
bir cinayətdir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov
deyib.

Millət vəkili bildirib ki, Qarabağ və Zəngəzura erməni
əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla
dəyişdirilməsi və kütləvi qırğınlar xalqımıza qarşı aparılan
təcavüzün qanlı səhifələridir. Prezident İlham Əliyev bu
cinayətlərin coğrafiyasının nə dərəcədə geniş olduğunu və Bakı,
Quba, Şamaxı, Lənkəran, Naxçıvan və digər ərazilərin eyni vəhşiliyə
məruz qaldığını hər zaman diqqət mərkəzində saxlayır.

Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə
imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu
hadisələrə ilk dəfə siyasi qiymət verilməsinin əsasını qoyub. Bu
fərmandan sonra aparılan elmi araşdırmalar, xüsusən Şamaxı və
Qubada törədilən vəhşiliklərin görünməyən tərəflərini üzə çıxarıb.
Şamaxı qəzasında 86 kəndin təcavüzə məruz qalması, Qubada
insanların küt alətlərlə qətlə yetirilməsi erməni şovinizminin real
simasını göstərir.

Kamal Cəfərovun fikrincə, bu tarixi həqiqətlərin araşdırılması
və tərcümə olunaraq dünyaya çatdırılması soyqırımı qurbanlarının
xatirəsi qarşısında mənəvi borcdur. İrəvan quberniyasında 199
kəndin dağıdılması və minlərlə insanın məhv edilməsi faktları
göstərir ki, erməni silahlı dəstələri heç bir etik və bəşəri norma
tanımayıblar.

O qeyd edib ki, bu gün Azərbaycan dövlətinin nümayiş etdirdiyi
iradə, tarixin bu qanlı dərslərindən nəticə çıxararaq daha güclü
bir gələcək qurmağa xidmət edir. Şamaxı hadisələrinin və digər
bölgələrdəki cinayətlərin tam mənzərəsinin formalaşdırılması
istiqamətindəki işlər dayanmadan davam etdirilməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir