
Bakı. Trend:
Soyqırımı insanların milli, etnik, irqi, dini və digər
mənsubiyyətinə görə məhv edilməsidir. Təəssüflə qeyd edilməlidir
ki, tarixdə müxtəlif xalqların, etnosların taleyində dərin və acı
iz qoyan bu cür hadisələr az olmayıb. Bu sırada ermənilərin XIX
əsrdən başlayaraq Azərbaycan xalqına qarşı həyata keçirdikləri
soyqırımı cinayətləri bəşər tarixinin ən qanlı və insanlığa ləkə
olan səhifələridir.
Erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən
ən dəhşətli cinayətlərdən biri 108 il əvvəl, 1918-ci ilin mart və
aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən
daşnak-bolşevik silahlı dəstələrinin xüsusi qəddarlıqla
törətdikləri kütləvi qətliamlardır. Həmin dövrdə Bakı şəhərində,
eləcə də Bakı quberniyasına daxil olan Şamaxıda, Qubada, Muğanda,
Lənkəranda, Göyçayda on minlərlə azərbaycanlının milli
mənsubiyyətinə görə məhv edilməsi, yaşayış məntəqələrinin
dağıdılması, mədəniyyət abidələrinin, məscidlərin, qəbiristanların
yerlə yeksan edilməsi “böyük Ermənistan” xülyası naminə erməni
şovinistlərinin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdikləri
etnik təmizləmə siyasətinin ən qanlı mərhələlərindən biridir.
Tarixi faktlar təsdiq edir ki, 1918-ci ildə Bakı quberniyasında
erməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox
azərbaycanlı qətlə yetirilib, yüzlərlə kənd yandırılıb və talan
edilib.
Azğınlaşmış erməni millətçilərinin 1918-ci ilin mart və aprel
aylarında törətdikləri soyqırımı cinayətlərinin coğrafiyası
Azərbaycanın digər bölgələrini də əhatə edir. Qarabağ, Zəngəzur,
Naxçıvan və İrəvanda kütləvi qətllər, talanlar və etnik
təmizləmələr həyata keçirən ermənilər tərəfindən dinc əhaliyə
cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulub. Təkcə
qədim Azərbaycan yurdu olan İrəvan quberniyasında 135 min nəfərdən
artıq azərbaycanlı soyqırımına məruz qalıb.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ilin mart-aprel
aylarında xalqımıza qarşı törədilən soyqırımı cinayətlərinin
araşdırılması istiqamətində müəyyən addımlar atılmışdı. Lakin
Cümhuriyyətin süqutu və Azərbaycanın işğalı bu işlərin sona
çatdırılmasına imkan vermədi. Bu baxımdan mövcud tarixi reallıqlar
şəraitində xalqımıza qarşı XX əsr boyu həyata keçirilmiş soyqırımı
və digər cinayətlər uzun onilliklər obyektiv hüquqi və siyasi
qiymətini almadı. Yalnız Azərbaycanın dövlət müstəqilliyinin
bərpasından sonra ermənilər tərəfindən xalqımıza qarşı XX əsr boyu
həyata keçirilmiş soyqırımı cinayətlərini araşdırmaq, bu hadisələrə
hüquqi-siyasi qiymət vermək və onları dünyaya yaymaq mümkün oldu.
Bu baxımdan Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da
imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman xalqımıza
qarşı törədilmiş soyqırımı cinayətlərinə verilən fundamental
hüquqi-siyasi qiymətdir. Fərmanda qeyd olunduğu kimi Azərbaycanın
XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə
müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülən,
planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı
mərhələlərini təşkil edib.
“Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən 31 mart
Azərbaycanlıların Soyqırımı Günü elan olunub. Hər il martın 31-ni
Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha
tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata
keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik. Həmin gün
keçirilən tədbirlərin məqsədi həm də tariximizin uzun illər
obyektiv qiymətini almamış, təhrif olunmuş hadisələrinə yenidən
nəzər salmaq, nəticələr çıxarmaq, gələcək üçün vəzifələr müəyyən
etməkdir.
“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanmasından
sonra xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinin
öyrənilməsi istiqamətində mühüm işlər görülüb, aparılmış
araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb.
Bir neçə il əvvəl isə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb.
Burada üzə çıxarılmış tarixi faktlar 1918-ci ilin mart-aprel
aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata
keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə
qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı və
deportasiya cinayətləri isə yalnız 1918-ci illə yekunlaşmır. Hələ
1918-ci ildən əvvəl, 1905-1907-ci illər hadisələri zamanı Bakıda,
Qarabağda və digər bölgələrimizdə dinc azərbaycanlılara qarşı
həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli
niyyətlərini reallaşdırmaq üçün başlatdıqları soyqırımı siyasətinin
ilkin mərhələsi idi. Azərbaycanlıların tarixi torpaqlarımız olan
indiki Ermənistan ərazisindən 1948-1953-cü və 1988-1991-ci
illərdəki deportasiyası zamanı həm də xalqımıza qarşı soyqırımı
cinayətləri törədilib. Erməni silahlı birləşmələri tərəfindən
xalqımıza qarşı soyqırımı cinayətləri Xocalı şəhərinin, Qazax
rayonunun Bağanıs Ayrım, Xocavəndin Qaradağlı, Kəlbəcərin Ağdaban
və Başlıbel kəndlərinin işğalı zamanı törədilib. 44 günlük Vətən
müharibəsi zamanı Gəncə, Bərdə və Tərtər şəhərlərində yaşayış
binalarının və mülki infrastrukturların atəşə tutulması da
ermənilərin yalnız xalqımıza qarşı deyil, insanlığa qarşı
törətdikləri növbəti cinayətlər idi.
Bu gün qarşımızda duran vəzifələrdən biri tarix boyu xalqımıza
qarşı həyata keçirilən soyqırımı cinayətləri ilə bağlı həqiqətləri
beynəlxalq ictimaiyyətə çatdırmaq, erməni millətçiliyinin
bəşəriyyət üçün ləkə olduğunu, erməni terrorçuluğunun dünya üçün
təhlükə olduğunu göstərmək və saxta “məzlum erməni” obrazını ifşa
etməkdir. Respublikamızda bu sahədə görülən işlər təqdirəlayiqdir.
Prezident İlham Əliyevin yürütdüyü hücum diplomatiyası, o cümlədən
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ötən
illərdə erməni millətçilərinin soyqırımı cinayətlərinin ifşa
edilməsində böyük rol oynayıb. Quba rayonunda Heydər Əliyev
Fondunun dəstəyi ilə yaradılan Soyqırımı Memorial Kompleksi
soyqırımı cinayətlərini dünyaya bəyan edir. Prezident İlham
Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi
haqqında” 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən
azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş
tədbirlərin, o cümlədən Milli Məclisin bununla bağlı xüsusi
iclasının keçirilməsi erməni cinayətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılması ilə bağlı fəaliyyətin sistemli və ardıcıl olduğunu
göstərir.
Qeyd etdiyim kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən yaradılan xüsusi komissiyanın fəaliyyəti yarımçıq
qalmışdı. Lakin bu gün Azərbaycan dövləti beynəlxalq səviyyədə
özünün milli maraqlarını qətiyyətlə təmin edir. Bu baxımdan
əminliklə deyə bilərik ki, torpaqlarını işğaldan azad edən
respublikamız xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinə də
beynəlxalq obyektiv siyasi-hüquqi qiymətin verilməsinə nail
olacaq.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

