
Bakı. Trend:
Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq.
Trend xəbər
verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan
Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya
sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında Sərəncamda öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, Daşkəsən və Gədəbəy rayonlarında filiz
emalı müəssisələrinin yenilənməsi, habelə işğaldan azad edilmiş
ərazilərdə perspektivli yataqların istismara verilməsi dağ-mədən
(metal filizləri) və metallurgiya sənayesinin istehsal və ixrac
imkanlarını genişləndirib.
Bundan başqa, Qərb Sənaye Parkının yaradılması dəmir filizi
ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində
dəyər zəncirini dərinləşdirməyə imkan yaradır.
Eyni zamanda, mövcud mineral-xammal bazasından səmərəli
istifadə, hasilat və emal mərhələləri arasında istehsal
əlaqələrinin gücləndirilməsi, infrastruktur və logistika
qərarlarının uzlaşdırılması, eləcə də dövlət−özəl tərəfdaşlığının
genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsi
zəruridir.

