
Bakı. Trend:
Moskva Ermənistanın dəmir yollarının idarə olunması üzrə
konsessiyanın Qazaxıstana verilməsi ilə bağlı nə Astana, nə də
Yerevanla danışıqlar aparır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol
Paşinyan tərəfindən “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti üzrə
konsessiyanın Qazaxıstana verilməsinin mümkün variantlardan biri
kimi nəzərdən keçirilməsi barədə səsləndirilən fikrə münasibət
bildirərkən keçirdiyi brifinqdə deyib.
“Mən diqqətinizə çatdırmaq istərdim ki, 30 mart tarixində Rusiya
Federasiyasının Nəqliyyat naziri Andrey Nikitin bildirib ki, Moskva
Ermənistanın dəmir yollarının idarə olunması üzrə konsessiyanın
Qazaxıstana verilməsi ilə bağlı danışıqlar nə Astana ilə, nə də
Yerevanla danışıqlar aparmır. Bu, ekspert səviyyəsində – yəni
aidiyyəti qurumun rəhbərliyi səviyyəsində verilmiş bu bəyanatı
nəzərə almaq çox vacibdir.
Həmçinin xatırlatmaq istərdim ki, 2008-ci ildə bağlanmış
konsessiya müqaviləsinin müddəti 30 ildir və əlavə olaraq daha 10
il uzadılması imkanı mövcuddur. Uzun illərdir ki, ‘Cənubi Qafqaz
Dəmir Yolu’ QSC bu müqavilənin müddəalarını məsuliyyətlə yerinə
yetirir və Rusiyanın respublikanın yol infrastrukturuna yatırdığı
investisiyalar 30 milyard rubldan çoxdur.
Yüksək səviyyəli danışıqlara gəlincə isə, ənənəyə uyğun olaraq
onları prezident administrasiyası şərh edir”, – Mariya Zaxarova
bildirib.

