
Bakı. Trend:
Hazırda ölkəmizdə 6800 nəfər autizm sindromlu əlilliyi olan şəxs
var.
Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.
Bildirilir ki, nazirliyin reabilitasiya mərkəzlərində autizm
sindromlu əlilliyi olan şəxslərin potensiallarına uyğun inkişafını,
sərbəst yaşamaq imkanlarını dəstəkləmək məqsədilə də xidmətlər
göstərilir.
Bu müəssisələrdə onlar koqnitiv, nitq, özünəqulluq
bacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiya
yoqa, hippoterapiya, dance ability (rəqs terapiyası) və s.
istiqamətlərdə xidmətlərlə təmin edilirlər.
Onlara ambulator xidmətlərlə yanaşı, icma əsaslı,
telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri
göstərilir.
Autizm sindromlu uşaqlar reabilitasiya mərkəzləri tərəfindən
ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb olunurlar. Bu
terapiya onların, habelə daun simdromu, serebral iflic, nitq
qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik
reabilitasiyasına müsbət təsir edir.
Qeyd edək ki, 2 Aprel Ümumdünya Autizm Məlumatlandırma
Günüdür.

