
Bakı. Trend:
Hörmüz boğazını güc yolu ilə açmaq üçün hərbi əməliyyatın
keçirilməsi qeyri-realdır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron
Cənubi Koreyaya səfəri zamanı jurnalistlərə açıqlamasında
söyləyib.
“Bəzi şəxslər Hörmüz boğazının hərbi əməliyyat vasitəsilə güc
yolu ilə açılması ideyasını müdafiə edir. Bu mövqe bəzən ABŞ
tərəfindən də ifadə olunub, hərçənd bu yanaşma dəyişkən olub.
Bu, bizim heç vaxt dəstəklədiyimiz variant olmayıb, çünki
qeyri-realdır. Bu, çox uzun çəkər və boğazdan keçən hər kəsi
İnqilab Keşikçilərinin hücumları, eləcə də ballistik raketlər
baxımından riskə məruz qoyar”, – Makron bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Amerikanın NATO
müttəfiqlərini o cümlədən Fransa və Britaniyanı tənqid atəşinə
tutaraq, Hörmüz boğazının açılması üçün dövlətləri addımlar atmağa
səsləmişdi.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

