
Bakı. Trend:
Özbəkistanın Fərqanə vilayətində “Orta Asiya və Azərbaycan”
dostluq forumu çərçivəsində “Orta Asiya ölkələri-Azərbaycan
dostluğunun yeni dövrü” mövzusunda beynəlxalq konfrans
keçirilib.
Trend xəbər
verir ki, konfransda Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və komitə
əməkdaşları iştirak edib.
Tədbirdən əvvəl Fərqanə vilayətindəki “Dostluq steli” ziyarət
edilib. Tədbir iştirakçıları xalqlar arasında dostluq və qardaşlıq
münasibətlərinin rəmzi sayılan abidənin önünə gül dəstələri qoyaraq
ehtiramlarını bildiriblər.
Konfransda Özbəkistan Respublikasının Millətlərarası
Münasibətlər və Xaricdəki Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri
Kahraman Sarıyev, Qırğız Respublikasının Əmək, Sosial Təminat və
Miqrasiya nazirinin birinci müavini Kamçıbek Dosmatov, Tacikistan
Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin nümayəndəsi İbrahim
Abdullozoda, Qazaxıstan Respublikasının “Otandastar” Fondunun
vitse-prezidenti Alibek Jurkadam, eyni zamanda digər rəsmi şəxslər
və ekspertlər çıxış ediblər.
Komitə sədr Fuad Muradovun salamlarını iştirakçıların diqqətinə
çatdıran Valeh Hacıyev Azərbaycan və Özbəkistanın dövlət
başçılarının ortaq siyasi iradəsi nəticəsində iki ölkə arasında
münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini
bildirib. Siyasi dialoqun intensivləşməsi nəticəsində ticarət,
iqtisadi, mədəni, humanitar və regionlararası əlaqələrin ardıcıl
inkişaf etdiyini qeyd edib. İkitərəfli əməkdaşlığın uğurlu
nümunələri kimi Daşkənddə Heydər Əliyev adına bağın və “Azərbaycan”
parkının, eləcə də Bakıda “Özbəkistan” parkının yaradılmasını
xatırladıb. O, işğaldan azad olunan ərazilərdə aparılan
genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxunaraq Özbəkistanın
Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbin, Qazaxıstanın
Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, eləcə də
Qırğızıstanın Ağdamda təlim mərkəzinin inşasına verdiyi töhfələri
yüksək qiymətləndirib.
Sonda forumun daimi fəaliyyət göstərən dialoq platformasına
çevrilməsi, həmçinin Fərqanə vilayətinin davamlı inkişafına
yönəlmiş birgə təşəbbüs və proqramların həyata keçirilməsi barədə
razılıq əldə edilib.
Bundan əlavə, tədbirdə fəal iştirak edən bir sıra şəxslər, o
cümlədən Valeh Hacıyev “Xalqlar dostluğu” döş nişanı ilə təltif
olunub.
Konfrans çərçivəsində Kahraman Sarıyev və Valeh Hacıyev arasında
ikitərəfli görüş də keçirilib. Görüşdə bir sıra məsələlər, o
cümlədən ölkələrimizin zamanla inkişaf edən dostluq və qardaşlıq
münasibətləri fonunda diasporlar arasında həmrəyliyin, əməkdaşlığın
və koordinasiyanın daha da gücləndirilməsi müzakirə edilib.

