
Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya son səfərindən
sonra hədəqədən çıxmış gözlərinin qəzəbi absurd mülahizələrinə və
məntiqsizliklə zəngin iddialarına sıçrayan Konstantin Zatulinin
“Moskovskiy komsomolets”də yayımlanan məqaləsindən belə anlaşılır
ki, Azərbaycanla müharibədə Ermənistan deyil, Rusiya Dövlət
Dumasının ən uğursuz deputatlarından biri olan Zatulinin özü məğlub
olub və Azərbaycan Ordusu təkcə işğala deyil, eyni zamanda
Konstantin Zatulin kimilərin rəzil siyasi karyerasına və iyrənc
korporativ maraqlarına son qoyub.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Millət vəkili bildirib ki, uzun illər boyu Azərbaycan
torpaqların işğal altında qalması üçün aparılan təslimçiliyə sövq
etmə təbliğatının ən bəsit və ən ucuz nümayəndələrindən olan
Konstantin Zatulinin separatçılarla, müharibə cinayətkarları ilə
eyni tezisləri səsləndirməsi, Azərbaycanın qələbəsini nəyin
bahasına olursa-olsun kiçiltməyə çalışması təsadüfi deyil:
“Çünki o, Köçəryan, Sarqsyan və digər müharibə caniləri ilə eyni
“boşqab”dan qidalanıb və az qala bütün siyasi karyerasının həsr
olunduğu bir prosesdən rüsvayçı məğlubiyyətlə çıxmasını hec cür
qəbul edə bilmir”.
Deputat bildirib ki, MDB institutunun direktoru olan Zatulinin
məqaləsində bir cümlə digərini təkzib edir:
“Zatulin heç bir halda qəbul edə bilmir ki, Ermənistan
Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və
suverenliyini 1991-ci ildə tanıyıb. Həmçinin Ermənistanın Praqada
və Vaşinqtonda imzalanan sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü
tanıması faktını Zatulin və onun böhtançı ağzının sahibləri heç cür
həzm edə bilmirlər.
Rusiya Dövlət Dumasının deputatı, nədənsə Azərbaycan
ərazilərinin işğal altında olduğu zaman kəsiyində torpaqlarımızda
hərbi xuntanın yaratdığı qondarma təsisatın heç bir ölkə, o
cümlədən Rusiya tərəfindən də tanınmadığı faktını, əksinə Rusiyanın
dövlət başçısının Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazisi olduğu barədə bəyanatlarını dilə gətirməyə
cəsarəti çatmır. Qeyd edim ki, Alma-Ata bəyannaməsini imzalayan
bütün ölkələr bir-birilərinin ərazilərini qarşılıqlı olaraq
tanyşıblar. O cümlədən Rusiya da bu sənəd və digər dövlətlərarası
bəyannamə və müqavilələr çərçivəsində Azərbaycanın ərazi
bütövlüyünü, suverenliyini tanıyıb.
Paşinyan haqlıdır, Azərbaycan ərazilərinin işğalı həqiqətən də
uzun illər boyu öncə Ermənistan, bütövlükdə isə region üçün
boyunduruq rolunu oynayıb. Azərbaycan torpaqların işğaldan azad
edilməsi, əslində müxtəlif mübaliğəli ifadələr, təbliğat tezisləri
arxasında gislədilən həqiqətləri gün işığına çıxarıb. Kiminin gözü
açılıb, kimininsə böhtan danışan dili…
Maraqlıdır, Zatulunun təsəvvürünə görə, Cənubi Qafqazda
proseslər necə cərəyan etməliydi? Azərbaycanla Ermənistan arasında
sülhün əldə edilməsi hansı səbəblərdən Konstantin Zatulin və onunla
eyni düşüncəni bölüşənləri narahat edir? Məgər işğal dövründə
Rusiyanın niyyəti 30 ilə yaxın davam edən danışıqlarda sülhün əldə
edilməsi deyildi? Əgər deyildisə, o zaman sual olunur: Kim kimi
aldadıb? Həm də 30 il? Bir tərəfdən danışıqlar prosesində vasitəçi
olub, digər tərəfdən isə təcavüzkara ödənişsiz silah-sursat, hərbi
texnika verməklə işğalın davam etməsini stimullaşdırıb, Azərbaycan
torpaqlarının işğalı üzərindən Ermənsitanda hakimiyyəti qəsb edən
hərbi caniləri dəstəkləyib.
Nə oldu, “aldatmaq”, “qeyri-səmimi davranış” kimi anlayışlar
indi yadınıza düşüb?
30 ilə yaxın bir milyon azərbaycanlı öz doğma evlərindən
didərgin salınıb, insanlar dəmir vaqonlarda, çadırlarda, yarımçıq
tikililərdə məhrumuyyətlər içərisində yaşamaq məcburiyyətində
qalıblar. Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında
daş üstə daş saxlanılmayıb, Azərbaycan xalqına məxsus mədəniyyət
abidələri, məscidlər, ziyarətgahlar, qəbristanlıqlar, yaşayış
evləri vəhşicəsinə dağıdılıb. Bu müddət ərzində Zatulinin indi guya
müdafiə etdiyi ölkəsi təcavüzkara “dur” deməyib, “Azərbaycan
xalqının irsinə toxunma, işğala son qoy” deməyib, amma sözdə
sülhdən, yaxın qonşuluqdan, qarşılıqlı münasibətlərin inkişafından,
ortaq dəyərlərdən danışıb.
Kim kimi aldadıb, Zatulin? Ən böyük yalançı, fitnəkar, saxtakar
sən və sənin kimilərdir. Sənin kimi insanlar bütün sivil
bəşəriyyətin, sağlam düşünən, sülh şəraitində yaşamaq istəyən
insanların düşmənidir. Sənə “şər-böhtan atma” yazacaqdım, amma
fikrimi dəyişdim. Çünki sən şərin özüsən”.

