
Bakı. Trend:
Bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində
havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların
intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın
hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların
Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi, şimşək
çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.
Trend xəbər
verir ki, Fövqəladə Hallar Nazirliyi gözlənilən hava ilə əlaqədar
əhaliyə müraciət edib.
Bildirilib ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma,
habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq
durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə
qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək
tövsiyə olunur.
“Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti
tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik
dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə
olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə
əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava
şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət
edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə
hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə
almalıdırlar.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün
elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə,
mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik
xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür
ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer
seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri
qaldırıb ildırımın bitməsini gözləmək lazımdır”, – deyə müraciətdə
qeyd olunub.

