
Bakı. Trend:
Yaxın Şərqdəki münaqişənin və Hörmüz boğazının bloklanmasının
dünyada enerji daşıyıcıları qiymətlərinə təsir etməsi fonunda
Türkiyədə ev təsərrüfatları üçün nəzərdə tutulan elektrik və təbii
qaz qiymətləri 25 faiz qaldılırıb.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.
Yeni tariflər aprelin 4-dən etibarən qüvvəyə minib.
“Bu artımla birlikdə 100 kVt·s elektrik istehlakı olan bir
məişət abunəçisi üçün ödəniləcək məbləğ 323,8 TL (təxminən 13 AZN)
təşkil edir”,-deyə Enerji Bazarının Tənzimləmə Qurumu (EPDK) öz
internet saytında yaydığı bəyanatda bildirib.
EPDK qeyd edib ki, ev təsərrüfatları ilə yanaşı, aşağı
gərginlikdən elektrik istifadə edən dövlət və özəl abonentlər üçün
17,5%, orta gərginliyə qoşulmuş sənaye abonentləri üçün 5,8%, kənd
təsərrüfatı abonentləri üçün isə 24,8% həcmində artım tətbiq
olunub.
Təbii qaz üzrə də müxtəlif kateqoriyalar üçün oxşar artımlar
elan edilib.
EPDK-nın açıqladığı artım faizləri aşağıdakılardır:
Məişət istehlakçıları (ev istifadəçiləri) üçün orta hesabla
25%
Sənaye istehlakçıları üçün orta hesabla 18,61%
Elektrik istehsalı stansiyaları üçün isə orta hesabla 19,42%
EPDK həmçinin məişət istehlakçıları üçün pilləli tarif sisteminə
keçildiyini əlavə edib.
Boru Xətləri ilə Neft Daşıma Anonim Şirkətinin (BOTAŞ) internet
saytında paylaşdığı məlumatlara görə, hər bir vilayət üzrə son beş
ildə bir evə düşən orta istehlak aylar üzrə təhlil olunub.
Yeni tətbiqə əsasən, aylıq orta göstəricinin 75%-dən artıq
olmayan həcmdə təbii qaz istehlak edənlər 1-ci pillə qiyməti ilə
ödəniş edəcək.
Bu limiti aşanların isə bütün təbii qaz sərfiyyatı 2-ci pillə
üzrə hesablanacaq ki, bu da təxminən 80%-ə yaxın əlavə artım
deməkdir.
1-ci pillə üzrə qiymət standart kubmetr üçün 10,6 TL, 2-ci pillə
üzrə isə 18 TL müəyyən edilib.

