
Bakı.Trend:
Bakıda dələduzluqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əməldə
təqsirli bilinən 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd
Məmmədzadə saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, R.Qasımzadə özgənin əmlakını
ələ keçirmək məqsədi ilə tanışı M.Məmmədzadə ilə qabaqcadan əlbir
olaraq cinayət əlaqəsinə girib. O, zərərçəkmişə geniş əlaqələrinin
olduğunu və qızıl-zinət əşyalarının satışını həyata keçirdiyini
bildirməklə onun etibarını qazanıb. Daha sonra saxlanılan şəxslər
qızıl-zinət əşyalarının satışı ilə məşğul olmaq adı ilə
zərərçəkəndən müxtəlif vaxtlarda ümumilikdə 317 500 manat pul
vəsaiti alaraq həmin məbləği öz aralarında bölüblər. Nəticədə
zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq
ediblər.
Zərərçəkmiş şəxs ifadəsində sonuncu dəfə pulun bir hissəsini
Bakı Dəniz Vağzalı ərazisində həmin şəxslərə təqdim etdiyini
bildirib. Bu səbəbdən iş üzrə istintaq araşdırmaları Su
Nəqliyyatında Polis İdarəsində aparılıb.
Faktla bağlı R.Qasımzadə və M.Məmmədzadə barəsində Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli
miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi
başlanılıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa
cəlb edilib.
Araşdırmalar davam etdirilir.

