NMGCS V Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi keçirir

Baş səhifə

Bakı. Trend:

Milli Musiqi və Qlobal Mədəniyyət cəmiyyəti (NMGCS) 2026-cı ildə
V Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi keçirir.

Bu barədə Trend
Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin Prezidenti,
Azərbaycanın Əməkdar artisti, Professor, Dr. Nərgiz Əliyarova
bildirib.

“Müsabiqə türkdilli millətlərin xalq mahnılarına həsr
olunub.

Müsabiqənin məqsədi türkdilli xalqların zəngin folklor irsinin
müasir bəstəkarlıq dili vasitəsilə yeni təqdimatını təşviq etmək,
bu irsi beynəlxalq miqyasda tanıtmaq, həmçinin mədəniyyət
vasitəsilə xalqlar arasında anlaşma və əməkdaşlıq körpülərini
möhkəmləndirməkdir. Hazırkı dövrdə türk xalqlarının mədəni
bağlarının qorunması, gücləndirilməsi və ortaq dəyərlərin təbliği
xüsusi aktuallıq kəsb edir; müsabiqə də məhz musiqinin birləşdirici
gücü ilə bu bağlara töhfə verməyi hədəfləyir.

Müsabiqəyə yaşından asılı olmayaraq bütün dünyadan bəstəkarlar
qatıla biləcək. Müsabiqənin şərtlərinə uyğun olaraq hər bir
iştirakçı Təşkilat Komitəsi tərəfindən seçilmiş 10 türkdilli xalqın
mahnısının istənilən birinin, və ya bir-neçəsinin mövzusunun
əsasında bəstələdiyi instrumental (5 ifaçıdan çox olmayaraq) əsər
təqdim etməlidir. Müsabiqədə iştirak edən əsərin başlığında
istifadə olunan melodiyanın mənşəyi və hansı xalqın yaradıcılığına
aidliyi qeyd olunacaq.

Cari il yanvarın 15-də müsabiqənin şərtləri elan olunub. İyulun
1-ə qədər iştirakçılar öz əsərlərini münsiflər heyətinə təqdim edə
bilər. İyulun 15-ə qədər münsiflər heyəti əsərlərlə tanış olub
onlara qiymət verəcək.




Müsabiqəyə yekun vurulduqdan sonra I (2,000 dollar), II (1,000
dollar) və III (500 dollar) yerlərin laureatları elan olunacaq,
onlara pul mükafatları və müsabiqənin Diplomları təqdim
olunacaq.

Qalib olan əsərlərin premyerası sentyabrda Bakıda Ü.Hacıbəyli
adına Beynəlxalq festival çərçivəsində baş tutacaq.
Oktyabrın 7-də, V Beynəlxalq Bəstəkarlıq müsabiqəsinin yekun
konserti Nyu Yorkun Linkoln Mərkəzində keçiriləcək.
Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları bir toplu şəklində
ABŞ Konqreslər kitabxanasının qeydiyyatına salınacaq, fərdi nömrə
və ştrix kod ilə Nyu Yorkda nəşr ediləcək və dünyada yayılacaq.

Nəzərinizə çatdırmaq istəyirəm ki, NMGCS tərəfindən təsis
olunmuş bu beynəlxalq bəstəkarlıq müsabiqəsi Azərbaycanın musiqi
tarixində ilk və yeganə beynəlxalq bəstəkarlıq müsabiqəsidir.
İndiyədək keçirilmiş dörd müsabiqə çərçivəsində dünyanın 5
qitəsindən 40-dan çox ölkəni təmsil edən bəstəkar müsabiqədə
iştirak etmiş, qaliblər isə müxtəlif ölkələri təmsil edən
iştirakçılar arasından seçilmişdir.

Müxtəlif illərdə müsabiqələrin qalibləri Böyük Britaniya, ABŞ,
Almaniya, Avstriya, İspaniya, Polşa, Çin Xalq Respublikası,
Kolumbiya, Azərbaycan, Gürcüstan və Ukraynanı təmsil edən
iştirakçılar olmuşdur.

Beynəlxalq müsabiqələrin keçirilməsində maddi və təşkilatı
dəstəyi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət olunub.
Qeyd etmək istəyirik ki, Komitə birinci müsabiqədən başlayaraq
indiyədək bu yarışmaya həmişə böyük dəstək verib. Müsabiqələrin
yekun konsertlərinin Bakıda, Ü.Hacıbəyli beynəlxalq festivalı
çərçivəsində keçirilməsində yardımçı olan Mədəniyyət nazirliyinə
təşəkkürümüzü bildiririk”, – deyə Nərgiz Əliyarova bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir