
Bakı. Trend:
Aprelin 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin İnsan hüquqları komitəsi ilə birgə videokonfrans
formatında iclası keçirilib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli iclasın gündəliyinə 6 məsələnin
daxil edildiyini bildirib. O, gündəliyin birinci məsələsinin –
Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində,
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə
qanun layihəsinin (ikinci oxunuş) komitələr tərəfindən birgə
müzakirə olunacağını söyləyib, sənəddə təklif olunan
dəyişikliklərin vacibliyindən danışıb. Qeyd edib ki, qanun layihəsi
süni intellekt texnologiyalarından sui-istifadə hallarının
qarşısının alınmasına, şəxslərin hüquq və azadlıqlarının, şərəf və
ləyaqətinin qorunmasına xidmət edir.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal
Cəfərov layihənin mahiyyəti barədə məlumat verib. Bildirilib ki,
sənəd süni intellekt texnologiyalarından istifadə edilməklə
reallığı əks etdirməyən foto, video və audio materialların
hazırlanması və yayılması ilə bağlı hüquqi çərçivənin
formalaşdırılması məqsədi daşıyır. Buna görə qanunda müvafiq hüquqi
məsuliyyət mexanizmlərinin müəyyən edilməsi nəzərdə tutulur. Qeyd
olunub ki, Cinayət Məcəlləsinə əlavə edilən iki yeni maddələrə
əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən
istifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığı
əks etdirməyən foto, video və ya audio materialların hazırlanması
və yayılması, habelə pornoqrafik və ya seksual məzmunlu
materialların hazırlanması və yayılması cinayət məsuliyyəti
yaradır. Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinə müvafiq
dəyişiklik edilərək cinayət təqibinin həyata keçirilməsi ilə bağlı
prosessual norma müəyyən edilir. Eyni zamanda, “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və
“Media haqqında” qanunlara edilən dəyişikliklərlə süni intellekt
texnologiyalarından istifadə edilməklə hazırlanmış materialların
yayılması ilə bağlı əlavə hüquqi tələblər və məhdudiyyətlər müəyyən
olunur.
Daha sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış
edərək, ölkəmizə qarşı süni intellekt əsaslı hücumların
coğrafiyasından bəhs edib, süni intellektin milli təhlükəsizlik
üçün bir sıra təhdidlər yaratdığını qeyd edib, bu məsələdə
beynəlxalq dəstək qazanmaq üçün digər ölkələrlə birlikdə, müvafiq
model qanunlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən söhbət
açıb.
Məsələ ətrafında aparılan müzakirələrdə Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət
Həsənquliyev, deputatlar Tənzilə Rüstəmxanlı, Elçin Mirzəbəyli,
Müşfiq Məmmədli, Azay Quliyev, Hikmət Məmmədov, Elman Nəsirov, Razi
Nurullayev, parlament Aparatının Dövlət quruculuğu, inzibati və
hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış
edərək qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin
əhəmiyyətindən söhbət açıblar, bəzi qeyd və təkliflərini
açıqlayıblar.
Tədbirdə iştirak edən Milli Kibertəhlükəsizlik Mərkəzinin
nümayəndələri Orxan Abdulkərimli, Cəlal Rəsulzadə, Elvin Balacanov
müzakirələrdə səsləndirilən fikirlərə münasibət bildiriblər,
deputatların suallarını cavablandırıblar.
Sonra iclasda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) təqdim
edilib.
Layihədə təklif olunan dəyişikliklərin əsas məqsədi dövlət
vəsaitlərindən istifadə ilə bağlı məsuliyyət mexanizminin
təkmilləşdirilməsi, sanksiyaların fərdiləşdirilməsi və hüquqi
tənzimləmənin dəqiqləşdirilməsidir. Təklif olunan dəyişikliyə
əsasən, Cinayət Məcəlləsinin 308-1-ci maddəsində cinayətin predmeti
olan vəsaitin əhatə dairəsi genişləndirilərək, dövlətə məxsus olan
hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınır.
Onlayn iclasda habelə Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi
(ikinci oxunuş) nəzərdən keçirilib.
Layihəyə əsasən, “İCMAL” informasiya sistemi “Rəqəmsal dövlət
maliyyəsi” informasiya sisteminin tərkibində “İnzibati cərimələrin
mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi, yəni “İCMAL”
altsistemi kimi yenidən təşkil olunur və buna uyğun olaraq
Məcəllənin müvafiq maddələrində dəyişikliklər edilir. Bununla
yanaşı, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan
“Uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi
barədə məlumatın verilməməsi”, “Uşaqlara, o cümlədən uşaqların
bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının
alınmaması” və “Uşağa qarşı cismani cəzanın tətbiqi” adlı
maddələrdə “Uşaq hüquqları haqqında” Qanunun tətbiqi ilə bağlı
inzibati məsuliyyət məsələləri təsbit edilir. Məcəlləyə edilən
digər dəyişikliyə əsasən, “dövlətə məxsus olan hüquqi şəxslər”
maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına
görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilir və bütün
hallarda cərimə “inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin
yüz faizi məbləğində” müəyyən ediləcək.
Daha sonra videokonfransda Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş)
baxılıb.
Layihəyə əsasən Cinayət Məcəlləsinə terror təşkilatı yaratma,
ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə
cinayət məsuliyyətini müəyyən edən yeni 214-4-cü maddə əlavə
olunur. Bununla yanaşı Cinayət Məcəlləsinin 282-ci maddəsi yeni
redaksiyada verilir. Belə ki, 282.1-ci maddəyə elmi-texniki
potensialı zəiflətmək məqsədi, habelə kritik informasiya
infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya
şəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlər
əlavə edilir. Həmçinin, təxribatın törədilmə üsullarına əməli süni
intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından
istifadə halları da daxil edilir. 282.2-ci maddədə bir sıra yeni
ağırlaşdırıcı hallar nəzərdə tutulur. Maddənin Qeyd hissəsinə
əsasən, təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət
orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür
əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa
cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad
edilir.
İclasda habelə “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirəyə
çıxarılıb.
Sənəddə “operativ nəqliyyat vasitələri” anlayışı yeni
redaksiyada təqdim edilir. Dəyişiklikdə prokurorluq orqanlarına
məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisə
yerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi,
növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya
təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi
üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin digər operativ
xidmətlərlə eyni hüquqi statusa malik olması nəzərdə tutulur.
İclasın sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Belarus
Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı
tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi
barədə qanun layihəsinə baxılıb.
Diqqətə çatdırılıb ki, Sazişin imzalanmasında əsas məqsəd hər
iki dövlət arasında avtomobil daşımalarının təhlükəsizliyini
artırmaq, yol hərəkətini yaxşılaşdırmaq, sürücülük vəsiqələrinin
qarşılıqlı tanınmasını və dəyişdirilməsini təmin etməkdir.
Onlayn iclasın gündəliyində olan qanun layihələrinin hamısı
Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədr müavini Elşən Musayev, İnsan hüquqları komitəsinin
sədr müavini Arzuxan Əli-zadə, deputatlar Əminə Ağazadə, Sabir
Hacıyev, Fəzail İbrahimli, Mübariz Qurbanlı, Bəhruz Məhərrəmov,
Nizami Səfərov, Azər Allahverənov, Tural Gəncəliyev, Naqif
Həmzəyev, İmamverdi İsmayılov, Mircəlil Qasımlı, Sevil Mikayılova,
Vüqar Rəhimzadə, Səyyad Aran, parlament Aparatı rəhbərinin müavini
Yaşar Əməşov və digər rəsmi şəxslər iştirak ediblər.

