Kollektorun üzərində tikilən yaşayış evi niyə iki ay ərzində sökülməmişdi? – Açıqlama

Baş səhifə

Bakı. Trend:

Aprelin 6-sı axşamadək Xətai rayonu, Rəşid Bağırov 36/12b
ünvanında baş verən qəzanın aradan qaldırılmasının nəticəsini
ortaya qoya biləcəyik.

Bunu Trend-in
hadisə yerində olan müxbirinə açıqlamasında “Bakı Sukanal”
İdarəsinin rəis müavini Əlizadə Nəsirov deyib.

Ə.Nəsirov bildirib ki, sözügedən ünvanda diametri 1 200
millimetr olan kanalizasiya kollektorunun üzərində vətəndaş
tərəfindən fərdi yaşayış evi tikilib. Fərdi yaşayış evi iki
mərtəbədən ibarət olub:

“Burada qəza iki ay öncə baş verib. Qəzanın aradan
qaldırılmasını mümkünsüz edən vətəndaşa məxsus olan ikimərtəbəli
fərdi yaşayış evi olub. Dövlət qurumları tərəfindən qəbul olunan
qərara əsasən, artıq vətəndaşa məxsus fərdi yaşayış evi sökülüb, kollektorun üzəri boşaldılıb və qəzanın
aradan qaldırılmasının icrasına başlanılıb.

Hazırda qazıntı işləri gedir, qəza nöqtəsi tam müəyyənləşir,
qəzalı nöqtə yeni boru ilə əvəz olunur, daha sonra əks doldurma
prosesi aparılır və ərazi mühafizə olunur. Kollektor 9 metr
dərinlikdə yerləşir, qəza ona görə də xüsusi çətinliyə malikdir,
aradan qaldırmaq üçün müəyyən vaxt tələb edir. Düşünürəm ki, axşama
qədər qəzanın aradan qaldırılması nəticəsini ortaya qoya
biləcəyik”.




Rəis müavini qəzalı vəziyyətdə olan evin niyə daha əvvəl
sökülməməsi ilə bağlı vurğulayıb ki, kollektor vətəndaşa məxsus
evin altında olduğuna görə təhlükə mənbəyidir:

“Oraya hər hansı işçinin və texnikanın yaxınlaşması
mümkünsüzdür. Ora yaxınlaşmaq tələfata gətirib çıxara bilərdi.
Sökülən mənzilin sakinləri iki ay öncə ərazidən kənarlaşdırılıblar.
Hələki qonşu ərazidə yerləşən evlərlə bağlı təhlükə yoxdur, amma
gələcəkdə ola bilər”.

İdarə rəsmisi küçədə digər ərazilərdəki çökmələrlə bağlı qeyd
edib ki, araşdırma aparılacaq və ondan sonra məlumat vermək mümkün
olacaq.

Qeyd edək ki, Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında
yerləşən iki mərtəbəli yaşayış evi kollektorun üzərində inşa
edilib. Evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir
hissəsi tutulub və yağış sularının axıdılmasında problemlər
yaranıb. Nəticədə Keşlə qəsəbəsində bəzi evlər subasmaya məruz
qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir