
Bakı. Trend:
Saxta dərmanların qarşısının alınmasında müasir dövrdə bu sahədə
ən effektiv vasitələrdən biri rəqəmsal izləmə – yəni Track & Trace
sistemidir.
Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman
vasitələinin Təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev
açıqlayıb.
Onun sözlərinə görə bu sistem vasitəsilə hər bir dərman vasitəsi
qutusuna unikal seriya nömrəsi verilir:
“Bu məlumat xüsusi DataMatrix kodun daxilində yerləşdirilir və
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təqib və İzləmə
İnformasiya Sistemində qeydiyyata alınır. Dərman vasitəsi ölkədə
istehsal olunduqdan və ya idxal edildikdən sonra onun dövriyyəsi
bütün mərhələlər üzrə sistem vasitəsilə izlənilir. Sistemdə
tanınmayan və ya düzgün qeydiyyata alınmamış kodlarla markalanmış
dərman vasitələri dərhal aşkar edilir və onların dövriyyəyə
buraxılmasının qarşısı alınır”.
Şöbə müdiri qeyd edib ki, dərman vasitəsi aptekdə satıldıqda və
ya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktiv
edilir: “Əgər eyni kod ikinci dəfə istifadə olunarsa, sistem dərhal
xəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyəyə
buraxılmış dərman vasitələrinin operativ şəkildə aşkar edilməsinə
imkan yaradır. Nəticədə demək olar ki, sistem saxta dərman
vasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərman
vasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışın
qeydiyyata alınması dərman vasitələrinin təhlükəsiz təminatının
əsasını təşkil edir”.

