
Bakı. Trend:
Azərbaycanın Litva üçün Mərkəzi Asiyaya “qapı”, Litvanın isə
Azərbaycan üçün Baltik ölkələrinə “qapı” rolunu oynaması iki ölkə
münasibətlərində ən perspektivli strateji ideyalardan biridir.
Bunu Trend-ə özəl
müsahibəsində Bakı
səfəri çərçivəsində Litvanın Baş naziri İnqa Ruqinene bildirib.
“Azərbaycan Avropanı Mərkəzi Asiya və daha geniş Xəzər regionu
ilə birləşdirməkdə mühüm coğrafi və siyasi rol oynayır. Litva isə
öz növbəsində Baltik regionuna, Şimali Avropaya və Avropa
İttifaqının daxili bazarına çıxış üçün əlverişli mövqedə yerləşir,
buna onun nəqliyyat infrastrukturu, logistika sektoru və Klaypeda
limanı da daxildir.
Litva üçün bu, yalnız dar mənada ticarət məsələsi deyil. Söhbət
həm də dəyişən geosiyasi mühitdə dayanıqlı qarşılıqlı əlaqələrin
formalaşdırılmasından gedir. Rusiyanın Ukraynaya qarşı təcavüzü
Avropanı tədarük zəncirlərini, tranzit marşrutlarını və ümumilikdə
Avrasiya məkanında əlaqəlilik arxitekturasını yenidən nəzərdən
keçirməyə məcbur edib. Bu kontekstdə Avropa, Cənubi Qafqaz və
Mərkəzi Asiya arasında əlaqələri gücləndirən marşrutlar getdikcə
daha böyük strateji əhəmiyyət qazanır.
Ruqinene “qapı” konsepsiyasını hər iki tərəf üçün faydalı
praktik tərəfdaşlıq kimi qiymətləndirdiyini diqqətə çatdırır.
“Azərbaycan şərq istiqamətində yeni marşrutların və imkanların
açılmasına töhfə verə bilər, Litva isə qərbə – Baltik və Şimali
regionlara, həmçinin daha geniş Avropa İttifaqı bazarına çıxışı
təmin edə bilər. Daha inkişaf etmiş nəqliyyat əlaqələri, biznes
təmasları və institusional əlaqələndirmə ilə bu istiqamət
uzunmüddətli əməkdaşlığın mühüm sahəsinə çevrilə bilər”, – Baş
nazir bildirib.

