
“Mənim Vladimir Putinlə heç bir gizli görüşüm olmayıb. Sadəcə işgüzar nahar olub”.
Modern.az xəbər verir ki, bunu aprelin 9-da hökumətin iclasından sonra keçirilən brifinqdə Ermənistanın Baş naziri Nikol Pashinyan, onun Moskvaya son səfərindən sonra səsləndirilən tənqidi fikirlərə münasibət bildirərkən deyib.
“Biz həmişə olduğu kimi nahar etdik və dostcasına söhbət apardıq. Daha əvvəl də dediyim kimi, bu səfəri çox müsbət qiymətləndirirəm. Qalanlar isə öz fikirlərində sərbəstdirlər”, – deyə Paşinyan əlavə edib.
Baş nazirin sözlərinə görə, onlar artıq gələcək görüşlər və tədbirlər barədə razılığa da gəliblər.
“Biz artıq iyunun ikinci yarısında yüksək səviyyəli görüş planlaşdırmışıq (parlament seçkiləri 7 iyunda keçiriləcək – red.). Ümumi məzmuna gəldikdə isə düşünürəm ki, dediklərim əslində əvvəlki ictimai bəyanatlarımın təkrarından ibarətdir, sadəcə bu zalda səsləndirilib. Yəni Rusiya Federasiyasının prezidenti ilə görüşdə yeni heç nə deməmişəm”, – deyə Nikol Paşinyan qeyd edib.
Onun qiymətləndirməsinə görə, Ermənistan ilə Rusiya arasındakı münasibətlər hazırda “konstruktiv transformasiya” mərhələsindədir. Hökumət başçısı bu prosesi müsbət dəyərləndirib.

