
Bakı.Trend:
Ötən gün xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsindən 3-ü
motosiklet sürücülərinin iştirakı ilə baş verib.
Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)
məlumat verilib.
Bildirilib ki, Yasamal, Xətai və Abşeron rayonları ərazisində
qeydə alınan bu hadisələrin hər biri toqquşma ilə nəticələnib. Cari
ilin ilk 3 ayı ərzində isə respublika üzrə motosiklet və moped
sürücülərinin təqsiri səbəbindən baş verən 5 yol-nəqliyyat
hadisəsində 3 nəfər həyatını itirib, 2 nəfər xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinə
müraciət edərək yol hərəkəti qaydalarına ciddi riayət etməyə
çağırır.
“Motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən
yol-nəqliyyat hadisələri bu kateqoriyadan olan nəqliyyat
vasitələrinin idarə olunması zamanı yol hərəkəti qaydalarına ciddi
riayət edilməsinin vacibliyini bir daha göstərir. Bu nəqliyyat
vasitələrinin konstruktiv xüsusiyyətləri də risk səviyyəsini
artıran əsas amillərdəndir. Belə ki, zərbə zamanı sürücünü əhatə
edən qoruyucu karkas və passiv təhlükəsizlik elementlərinin
(təhlükəsizlik kəməri, hava yastığı və s.) mövcud olmaması
səbəbindən toqquşmaların təsiri birbaşa sürücünün üzərinə düşür və
bu da xəsarətlərin daha ağır olmasına gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinin
diqqətinə çatdırır ki, özlərinin və digər hərəkət iştirakçılarının
təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına ciddi riayət olunmalı,
yol və hava şəraitinə uyğun sürət düzgün seçilməli, manevr zamanı
təhlükəsizlik qaydalarına əməl edilməli, həmçinin qoruyucu
vasitələrdən istifadə təmin olunmalıdır. Bu tələblərin pozulması
ağır yol-nəqliyyat hadisələrinə, bəzən isə insan həyatının
itirilməsi ilə nəticələnən faciələrə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri məsuliyyətli
davranmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır”,-
məlumatda bildirilir.

