Uzanan müharibələr fonunda Azərbaycanın sülh modeli – münaqişələr illərlə davam etməyə məhkum deyil – Sevil Mikayılova

Baş səhifə

Bakı. Trend:

Müasir dünyada silahlı münaqişələr artıq regional problem
olmaqdan çıxaraq qlobal sabitliyi sarsıdan əsas təhlükə faktoruna
çevrilib. Uzanan müharibələr, nəticəsiz sülh təşəbbüsləri, iqtisadi
tənəzzül, humanitar böhranlar və siyasi qeyri-müəyyənlik beynəlxalq
təhlükəsizlik sisteminin nə qədər kövrək olduğunu açıq
göstərir.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova əlavə edib ki, dünyadakı münqişələrin ən bariz
nümunələrindən biri 2022-ci ildən davam edən Rusiya–Ukrayna
müharibəsidir.

“İlk mərhələdə qısa müddətdə nəticələnəcəyi gözlənilən bu
müharibə artıq illərdir davam edir. Minlərlə insan itkisi,
dağıdılmış şəhərlər, çökən infrastruktur və Avropanın enerji
təhlükəsizliyinə vurulan zərbə bu müharibənin təkcə iki ölkə
arasında deyil, bütöv qitə miqyasında təsirə malik olduğunu
göstərir. Nəticə isə hələ də qeyri-müəyyəndir.

Eyni qeyri-müəyyənlik Yaxın Şərqdə müşahidə olunur. İran ilə ABŞ
və İsrail arasında artan hərbi gərginlik, qarşılıqlı zərbələr və
diplomatik ritorika regionu genişmiqyaslı müharibə riskinə
sürükləyib. Qısa müddətdə səngiyəcəyi düşünülən qarşıdurma
uzandıqca dünya bazarlarında enerji qiymətləri yüksəlir, logistika
zəncirləri pozulur, geosiyasi bloklaşma dərinləşir. Sülh
təşəbbüslərinin isə hələ real nəticə verəcəyi bəlli deyil”.

Deputat əlavə edib ki, belə bir qlobal fon qarşısında Cənubi
Qafqazda baş verən hadisələr fərqli bir presedent kimi diqqət
çəkir.

“2020-ci ildə baş vermiş Vətən müharibəsi cəmi 44 gün ərzində
nəticələndi və uzun illər davam edən işğal faktına son qoyuldu. Bu,
müasir dövrdə nadir rast gəlinən “mütləq hərbi-siyasi nəticə”
nümunəsi kimi qiymətləndirilməlidir.

Bu qələbəni şərtləndirən amillər çoxşaxəlidir. İlk növbədə,
Azərbaycan əsgərinin peşəkarlığı, döyüş ruhu, texnoloji üstünlük və
düzgün hərbi planlama həlledici rol oynadı. Paralel olaraq
diplomatik müstəvidə illərlə aparılan balanslı və praqmatik xarici
siyasət müharibə dövründə Azərbaycanın manevr imkanlarını
genişləndirdi və beynəlxalq mühitdə təcrid olunmasının qarşısını
aldı.

Proses 2023-cü ildə keçirilən Qarabağ antiterror əməliyyatı ilə
tam məntiqi sonluğa çatdı. Qısa müddətdə, minimal itkilərlə ölkənin
suverenliyi bütün ərazilərdə bərpa olundu. Bu mərhələ göstərdi ki,
hərbi qələbə yalnız döyüş meydanında deyil, uzunmüddətli siyasi
strategiyanın nəticəsi kimi formalaşır.

Bu strategiyanın mərkəzində isə Prezident İlham Əliyevin
liderliyi dayanır. Qətiyyətli siyasi iradə, prinsipial mövqe,
beynəlxalq hüquqa əsaslanan arqumentasiya və illər boyu aparılan
sistemli hazırlıq nəticə etibarilə Azərbaycanın mütləq qələbəsini
zəruri və qaçılmaz etdi”.

S.Mikayılova son olaraq vurğulayıb ki, dünyanın müxtəlif
bölgələrində uzanan, nəticəsiz və dağıdıcı müharibələr fonunda
Azərbaycan modeli göstərir ki, düzgün siyasi kurs, milli birlik,
güclü ordu və dəqiq strateji hədəflər olduqda münaqişələr illərlə
davam etməyə məhkum deyil. Bu, təkcə hərbi qələbə deyil, dövlət
idarəçiliyi, diplomatiya və milli iradənin sintezindən doğan
geosiyasi nəticədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir