Pakistanda ABŞ-İran danışıqlarına ciddi hazırlıqlar gedir

Baş səhifə

Bakı. Trend:

ABŞ və İran arasında keçiriləcək danışıqlar ərəfəsində
Pakistanın paytaxtında qırmızı hazırlıq səviyyəsi elan edilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, hərbi qurumların nəzarət etdiyi çoxsəviyyəli
təhlükəsizlik sistemi çərçivəsində İslamabadda 10 mindən çox
təhlükəsizlik əməkdaşı səfərbər olunub.

Hərbçilər və reyncerlər hökumət binaları kompleksi və diplomatik
anklavın yerləşdiyi, “qırmızı zona” adlanan əraziyə xüsusi nəzarəti
təmin ediblər. Bu əraziyə aparan bütün yollar bağlanıb. Müxtəlif
nöqtələrdə çevik reaksiya qüvvələrinin bölmələri yerləşdirilib.




Əhalisi iki milyondan çox olan şəhərin bütün əsas yollarında
milli və paytaxt yol polisinin əlavə postları qurulub. İslamabadda
amerikalı və iranlı danışıqlar iştirakçılarının hərəkəti üçün
ayrıca marşrutlar müəyyən edilib. Yüksək vəzifəli şəxslərin şəxsi
mühafizə əməkdaşlarına mobil telefonlar və elektron saatlar daxil
olmaqla, hər hansı qadcetləri üzərlərində daşımaq qadağan
ediləcək.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir