
Bakı. Trend:
Mövcud yanaşmalarda əsas problemlərdən biri sualların
mahiyyətindədir.
Trend xəbər
verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan
Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən
“Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya”
mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
Onun sözlərinə görə, imtahan sistemində tədricən dəyişikliklər
aparılmalıdır:
“Müşahidələrim göstərir ki, Azərbaycanda bəzi fənn
mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallar
hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki
onun bilik və bacarıqlarını ölçməyə. Halbuki sualın əsas məqsədi
insanın nəyisə bacarıb-bacarmadığını üzə çıxarmaq olmalıdır. Bu
yanaşma dəyişməlidir. Bu, ayrı-ayrı qurumların deyil, ümumilikdə
Azərbaycan pedaqogikasında mövcud olan problemdir və daha çox fənn
mütəxəssislərinə yönəlmiş çağırışdır”.

