
Bakı. Trend:
Ölkələrimiz arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi
məqsədi ilə Müdafiə Nazirliyinin nümayəndə heyəti Çin Xalq
Respublikasına səfər edib.
Trend xəbər verir ki, bu
barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin
Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində “Hərbi əməkdaşlıq
sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü”
keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti,
inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar
barədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıra
əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi
aparılıb.
Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planında
nəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib və
cari ildə planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirə
edib.
Görüşdə həmçinin Azərbaycan – Çin arasında hərbi əməkdaşlığın
təcrübə və informasiya mübadiləsi baxımından faydalı olduğu
vurğulanıb.
Qeyd edək ki, işçi görüşün əsas məqsədi, hər iki ölkənin müdafiə
qurumları arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və
qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir.

