
Bakı. Trend:
Hər il 11 aprel tarixində qeyd olunan Ümumdünya Parkinson
Xəstəliyi ilə Mübarizə Günü bu xəstəlik barədə maarifləndirmənin
artırılması, erkən diaqnostikanın təşviqi və xəstələrə göstərilən
dəstəyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Trend xəbər
verir ki, bununla bağlı Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Tibbi Bərpa
İnstitutunun həkim-nevroloqu Məmmədova Nərmin ilə Parkinson
xəstəliyi haqqında söhbət aparılıb.
– Doktor, Parkinson xəstəliyi nədir və niyə yaranır?
– Parkinson xəstəliyi beyində hərəkətlərimizin ahəngini və
koordinasiyasını təmin edən dopamin adlı neyrotransmitteri istehsal
edən hüceyrələrin tədricən məhv olması ilə xarakterizə rdilən
xroniki nevroloji bir prosesdir. Dopamin səviyyəsi azaldıqca beyin
əzələlərə düzgün komandalar göndərə bilmir, bu da hərəkət
pozuntularına, əzələ sərtliyinə və hərəkətlərin ləngiməsinə səbəb
olur.
Bu proses əsasən bazal qanqliyaların fəaliyyətində disbalans
yaradır və nəticədə həm könüllü, həm də avtomatik hərəkətlər
pozulur. Xəstəlik tədricən irəliləyir və erkən mərhələlərdə çox
vaxt nəzərə çarpmaya bilər. Xəstəliyin dəqiq yaranma səbəbləri
məlum olmasa da bir neçə faktorun təsiri əsas götürülür.
Müəyyən mutasiyalar xəstəliyə meyillilik yarada bilər, lakin bu
hallar ümumi pasiyentlərin kiçik hissəsini təşkil edir. Xəstəlik
əsasən 60 yaşdan sonra daha çox rast gəlinir. Bununla yanaşı,
oksidativ stress, neyroinflamasiya və hüceyrə səviyyəsində
metabolik pozğunluqlar da dopamin sintez edən hüceyrələrin məhvinə
səbəb olur.
– Parkinson xəstəliyinin əlamətləri necə inkişaf edir və
gündəlik həyata necə təsir edir?
– Parkinson simptomları gizli başlayır və zaman keçdikcə daha
aydın şəkildə üzə çıxır.
Adətən hərəkətlərin yüngül ləngiməsi, bədənin bir tərəfində,
əksərən bir əldə titrəmə ilə başlayır. Xəstələr addımların
kiçildiyini, hərəkətlərin əvvəlki kimi çevik olmadığını hiss
edirlər.
Üz ifadələrinin zəifləməsi (maskayabənzər üz), balans
pozuntuları, yıxılma riski və əl yazısının xırdalaşması
(mikroqrafiya) tipik əlamətlərdir. Zamanla posturun önə doğru
əyilməsi, yerimə zamanı addımların sürüşkən və qısa olması diqqət
çəkir.
Depressiya, yuxu pozuntuları, qoxu hissinin azalması, qəbzlik,
yorğunluq və vegetativ dəyişikliklər xəstəliyin mühüm
komponentləridir. Bu əlamətlər bəzən motor simptomlardan əvvəl
meydana çıxa bilər.
Bu dəyişikliklər nəticəsində gündəlik fəaliyyətlər, məsələn
qidalanma, geyim, şəxsi gigiyena çətinləşir və xəstənin
müstəqilliyi tədricən azalır.
– Parkinson xəstəliyinin diaqnozu necə qoyulur və hansı
müayinələrdən istifadə olunur?
– Hazırda Parkinson xəstəliyini birbaşa təsdiqləyən spesifik
laborator və instrumental müayinə mövcud deyil və diaqnoz əsasən
klinik qiymətləndirməyə əsaslanır.
Həkim tremorun xarakterini, hərəkətlərin sürətini, əzələ
tonusunu və tarazlığı qiymətləndirir. Bradikineziyanın
(hərəkətlərdə ləngimə) mövcudluğu əsas diaqnostik kriteriyalardan
biridir.
MRT və KT müayinələri daha çox digər nevroloji patologiyaları
istisna etmək üçün istifadə olunur. DaTSCAN (dopamin transporter
skanı) isə dopamin səviyyəsinin azalmasını göstərməklə dopaminergik
sistemin funksional vəziyyətini qiymətləndirməyə kömək edə
bilər.
Dopaminergik preparatlara müsbət klinik cavab da Parkinson
diaqnozunu gücləndirən mühüm göstəricidir.
– Parkinson xəstəliyi insanın psixoloji və emosional vəziyyətinə
necə təsir edir?
– Parkinson xəstəliyi beyindəki neyrokimyəvi dəyişikliklər və
fiziki məhdudiyyətlər səbəbindən psixoloji vəziyyətə ciddi təsir
göstərir.
Depressiya və narahatlıq halları geniş yayılmışdır və bu
vəziyyətlər həm bioloji, həm də sosial faktorlarla əlaqəlidir.
Xəstələrdə sosial aktivliyin azalması və özünə inamın zəifləməsi
müşahidə olunur.
İrəliləyən mərhələlərdə diqqət zəifliyi, yaddaş problemləri və
demensiya riski arta bilər. Buna görə psixoloji dəstək, ailə və
sosial mühitin qorunması müalicənin vacib hissəsi hesab olunur.
– Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün
hansı strategiyalar mövcuddur?
– Müntəzəm idman hərəkətləri hərəkət amplitudasını qoruyur,
əzələ sərtliyini azaldır və balansı yaxşılaşdırır.
Vitamin və mineral baxımından balanslı qidalanma ümumi
sağlamlığı dəstəkləyir və bəzi qeyri-motor simptomların
yüngülləşməsinə kömək edir.
Ev şəraitinin təhlükəsiz təşkili, sürüşməyən səthlər və köməkçi
vasitələrdən, məsələn əsadan istifadə yıxılma riskini azaldır və
müstəqilliyi artırır.
Psixososial dəstək: Sosial aktivlik və psixoloji yardım xəstənin
emosional stabilliyini qoruyur.
– Parkinson xəstəliyinin gedişatında fizioterapiya və
reabilitasiyanın rolu nədən ibarətdir?
– Fizioterapiya Parkinson xəstəliyində uzunmüddətli idarəetmənin
əsas sütunlarından biridir və məqsəd yalnız simptomları azaltmaq
deyil, həm də xəstənin funksional müstəqilliyini qorumaqdır.
Reabilitasiya proqramı fərdi şəkildə tərtib olunur və xəstəliyin
mərhələsinə uyğun olaraq davamlı şəkildə yenilənməlidir.
Reabilitasiya məqsədilə Hotpack, hidroterapiya, bimanual
terapiya, elektroterapiya və digər köməkçi üsullar əzələ
gərginliyini azaltmaq və hərəkət rahatlığını artırmaq üçün istifadə
oluna bilər.
Oynaqların sərbəstliyini qorumaq və hərəkət məhdudiyyətinin
qarşısını almaq üçün müntəzəm, nəzarətli hərəkətlər tətbiq edilir.
Bu məşqlər xəstəliyin azalmasına kömək edir.
Tənəffüs və zehni fokuslanma ilə müşayiət olunan rahatlama
üsulları ümumi əzələ tonusunu azaldır və hərəkətlərin daha sərbəst
icrasına şərait yaradır.
Qamətin düzəldilməsi və döş qəfəsinin hərəkətliliyinin
artırılması həm duruşun yaxşılaşmasına, həm də tənəffüs
funksiyasının qorunmasına kömək edir.
Müqavimətə qarşı aparılan məşqlər vasitəsilə əzələ zəifliyi
azaldılır və gündəlik fəaliyyətlər üçün tələb olunan fiziki güc
saxlanılır.
Balans və koordinasiya təlimi: Müxtəlif mövqelərdə sabitliyin
qorunması, çəkini ötürmə və istiqamət dəyişmə məşqləri yıxılma
riskini azaltmaq üçün əsas rol oynayır.
Yerimə zamanı ritmin formalaşdırılması, addım uzunluğunun
artırılması və hərəkətin başlanmasının asanlaşdırılması üzərində
işlənilir. Bu məqsədlə vizual və ya səs stimullarından istifadə
oluna bilər.
Bütün bu məşqlər mütləq şəkildə fizioterapevt tərəfindən ilkin
qiymətləndirmədən sonra xəstənin fərdi ehtiyaclarına uyğun proqram
daxilində tətbiq olunmalıdır.

