
Bakı. Trend:
Bakı şəhərinə yağan yağışlardan sonra onun fəsadlarının aradan
qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı
səviyyəyə çatdırılması məqsədilə aprelin 11-də Bakı Şəhər İcra
Hakimiyyəti (BŞİH) tərəfindən təmizliklə bağlı paytaxtda növbəti
daxili iməclik keçirilib.
BŞİH-in Mətbuat xidməti tərəfindən Trend-ə verilən məlumata
görə, keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və
küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub,orada
əsaslı təmizlik işləri görülüb.
Bildirilib ki, səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti
Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara
zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb.
Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq
dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində
oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış
məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı
ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib,
ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları
tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı
ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması,
onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib,
zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər
əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Qeyd edilib ki, ümumilikdə paytaxtın bütün rayonlarını əhatə
edən genişmiqyaslı təmizlik işləri yağan yağıların fəsadlarının tam
şəkildə aradan qaldırılması və Bakı şəhərinin sanitar vəziyyətinin
daha da yüksəldirilməsinə öz tövhəsini verib.

