
Bakı. Trend:
10 aprel tarixində Meksikanın San Fransisko de Kampeçe şəhərində
Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının əsas
orqanı – UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Meksika
şəhərlərinin bələdiyyə rəhbərlərinin Baş Assambleyası
keçirilib.
Trend xəbər verir ki,
tədbirdə Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının
prezidenti, Quanaxuato bələdiyyəsinin rəhbəri Samanta Smit, həmin
Assosiasiyasının baş direktoru Xorxe Orteqa, Kampeçe bələdiyyəsinin
rəhbəri Bibi Rabelo da daxil olmaqla Meksikanın bir sıra
şəhərlərinin bələdiyyə rəhbərləri, elmi dairələrin və diplomatik
korpusun nümayəndələri iştirak edib.
Bakı şəhərinin qədim simasının qorunub saxlanması və şəhərin
müasir inkişafı sahəsində ölkəmizin zəngin təcrübəyə malik olması
əsas gətirilərək Azərbaycan tərəfi fəxri qonaq qismində həmin
tədbirdə iştiraka dəvət edilib. Tədbir çərçivəsində Azərbaycan
Respublikasının Meksikadakı səfiri Seymur Fətəliyev və İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət
Mahmudun video müraciətləri səsləndirilib.
S.Fətəliyev çıxışında Azərbaycanın bəşəriyyətin ən qədim
sivilizasiya ocaqlarından biri olması, şəhərlərinin zənginliyi və
mədəni irsinin parlaq nümunələri ilə seçilməsi barədə danışıb.
Çıxışında ölkəmizin zəngin tarixi-mədəni irsinin qorunması və
gələcək nəsillərə çatdırılmasına Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz
tərəfindən xüsusi diqqət yetirildiyi, 2026-cı ilin ölkəmizdə
“Şəhərsalma və Memarlıq İli” elan edilməsi vurğulanıb. S.Fətəliyev
İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksinin 2000-ci
ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini bu
abidənin beynəlxalq əhəmiyyətinin təsdiqlənməsi baxımından böyük
tarixi hadisə adlandırıb. Çıxışda son onilliklərdə şəhər quruculuğu
sahəsindəki yeni təzahürlər, Bakıda inşa edilən yeni monumental
komplekslər barədə danışılıb. S.Fətəliyev məlumat verib ki, 2024-cü
ilin noyabr ayında keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP) ardınca
2026-cı ilin 17-22 may tarixlərində Azərbaycan paytaxtında BMT-nin
digər nüfuzlu tədbiri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyası (WUF13) keçiriləcək. Bu tədbir Azərbaycan üçün həm
ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini
möhkəmləndirmək, həm də regionda dayanıqlı və “ağıllı şəhərsalma
modelləri”ni təşviq etmək üçün əvəzsiz platformadır.
R.Mahmud öz çıxışında İçərişəhərin tarixi və mədəni əhəmiyyəti,
tarixi şəhər mühitində yaşayışın idarə olunması və bu prosesdə
qarşılaşdığımız çağırışlar barədə iştirakçılara məlumat verib. Qeyd
olunub ki, İçərişəhər təkcə statik bir abidə deyil, bu, tarixi
irsin mühafizəsi və müasir şəhər həyatını özündə birləşdirən canlı
əfsanədir. Qafqaz regionunda orta əsrlər şəhər ansamblını, regional
və yerli memarlıq ənənələrinin tarixi inkişaf mərhələlərini özündə
əks etdirən İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray
Kompleksinin UNESCO Ümumdünya İrs Siyahısına salınması onun
ümumbəşəri dəyərə malik olmasının göstəricisidir. R.Mahmud bildirib
ki, İçərişəhərin qorunması prosesində mühafizə və inkişaf arasında
balansa nail olmaq zəruridir. Bu sahədə əsas prioritet istiqamətlər
tarixi irsin bərpası, onun şəhər həyatına inteqrasiyası, dayanıqlı
turizm, şəhər infrastrukturunun inkişafı, əlçatan və inklüziv
mühit, irsin rəqəmsal təqdimatı, nəqliyyat sistemlərinin
mobilliyinin artırılmasıdır. R.Mahmud İçərişəhərin beynəlxalq
əməkdaşlıqda fəal olduğunu, bunun ekspert mübadiləsi,
institutsional potensialın gücləndirilməsi sahəsində layihələr
vasitəsilə həyata keçirildiyini bildirib. Bu xüsusda, İçərişəhər
qarşısında eyni vəzifələr duran Meksika şəhərləri ilə əməkdaşlıqda
maraqlıdır.
Təqdimatlar zamanı Bakı şəhərinin qədim və müasir simasını əks
etdirən fotolar nümayiş olunub. Hər iki təqdimat iştirakçılar
tərəfindən böyük maraqla qarşılanıb.

