
Bakı. Trend:
Portuqaliyanın Portimao şəhərində keçirilən Batut gimnastikası
və tamblinq üzrə Avropa Çempionatı ölkəmiz üçün qürurverici anlarla
yadda qalır.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata
görə, Azərbaycan bu mötəbər yarışda gənclər və böyüklər yaş
kateqoriyasında ümumilikdə 23 gimnastla təmsil olunur və
idmançılarımız artıq ilk mərhələlərdən etibarən uğurlu nəticələr
göstərməyi bacarıblar.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası
üzrə Selcan Mahsudova, Maqsud Mahsudov, Nicat Mirzəyev, Hüseyn
Abbasov, Ammar Baxşalıyev və Fərhad Mustafayev fərdi proqramda
yarımfinal və final mərhələlərinə yüksəliblər.
Komanda yarışlarında isə gənclər arasında Fərhad Mustafayev,
Ömər Qasımlı, Muhamməd Həsənli və Ammar Baxşalıyev, böyüklər
arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov, Əli Niftəliyev və
Mehdi Əliyev uğurlu çıxışları ilə finala vəsiqə qazanıblar. Final
mərhələsində böyüklərdən ibarət komanda 4-cü pillədə
qərarlaşıb.
Sinxron proqramlarda da gimnastlarımız yüksək nəticələr
göstəriblər. Kişilər arasında Ammar Baxşalıyev – Fərhad Mustafayev
və Maqsud Mahsudov – Hüseyn Abbasov cütlükləri, qarışıq sinxronda
isə Ayan Şabanova və İbrahim Mustafazadə növbəti mərhələlərə
yüksəliblər.
İkili-mini batut üzrə Ammar Baxşalıyev, Ömər Qasımlı, Muhamməd
Həsənli və Nikita Koleşnikov komanda hesabında finala vəsiqə
qazanıblar. Ammar Baxşalıyev fərdi proqramda da final mərhələsində
mübarizə aparacaq.
Bu çempionat Azərbaycan gimnastikası tarixində yeni bir səhifə
açır: gimnastlarımız ilk dəfə olaraq həm gənclər, həm də böyüklər
yaş kateqoriyalarında batut gimnastikası üzrə komanda hesabında,
eləcə də ikili-mini batut üzrə gənclər arasında finala yüksəlməyi
bacarıblar.
Tamblinq üzrə də uğurlar davam edir. Mixail Malkin, Tofiq
Əliyev, Adil Hacızadə və Aleksey Karataşov komanda hesabında finala
vəsiqə qazanıblar. Mixail Malkin və Tofiq Əliyev fərdi proqramda da
final mərhələsində yer alıblar. Final çıxışında isə komandamız
gümüş medal qazanaraq bayrağımızı zirvəyə bir addım daha
yaxınlaşdırıb.

