
Bakı.Trend:
ABŞ ordusu Pakistanda İran və Amerikalı nümayəndə heyəti
arasında danışıqların iflasa uğramasından sonra bu gündən etibarən
İranın bütün limanlarına qarşı blokadaya başlayacağını bəyan
edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin
Mərkəzi Komandanlığının bəyanatında deyilir.
“Blokada İran limanlarına və sahil zonalarına daxil olan və ya
oradan çıxan bütün ölkələrin gəmilərinə qarşı qərəzsiz şəkildə
tətbiq ediləcək. Bu, Ərəb körfəzi və Oman körfəzində yerləşən bütün
İran limanlarını əhatə edir”,-deyə bəyanatda deyilir.
Qeyd olunur ki, blokada Qrinviç vaxtı ilə saat 14:00-da (Bakı
vaxtı ilə saat 18:00-da) başlayacaq.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bu qərarını İslam
Respublikasının nüvə ambisiyalarından imtina etməməsi ilə izah
edib.

