
Bakı. Trend:
8-12 aprel tarixlərində Portuqaliyanın Portimao şəhərində
keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatı
Azərbaycan gimnastikası üçün əlamətdar nəticələrlə yekunlaşıb.
Trend bu
barədə Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər
verir.
Bildirilib ki, ölkəmiz bu mötəbər yarışda gənclər və böyüklər
yaş kateqoriyalarında ümumilikdə 23 gimnastla təmsil olunub və
idmançılarımız yarış boyunca yüksək performans nümayiş
etdiriblər.
Təsnifat mərhələlərindən uğurla keçən gimnastlarımız bir sıra
kateqoriyalar üzrə yarımfinal və final mərhələlərində mübarizə
aparıblar. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova
çempionatı 56.550 xalla 4-cü, Maqsud Mahsudov isə 60.080 xalla 6-cı
pillədə tamamlayıb.
Komanda yarışlarında həm gənclər, həm də böyüklərdən ibarət
heyətlərimiz final mərhələsinə vəsiqə qazanaraq tarixi nailiyyətə
imza atıblar. Böyüklərdən ibarət komanda finalda 4-cü yeri tutaraq
yüksək nəticə göstərib.
Sinxron proqramlarda da gimnastlarımız uğurla çıxış edərək
növbəti mərhələlərə yüksəlib, ölkəmizi layiqincə təmsil
ediblər.
İkili-mini batut üzrə gənclərdən ibarət komandamız finala
yüksələrək Azərbaycan gimnastikası tarixində yeni səhifə açıb. Eyni
zamanda Ammar Baxşalıyev fərdi proqramda finalda mübarizə
aparıb.
Tamblinq üzrə çıxışlar xüsusilə yadda qalan olub. Komandamız
final mərhələsində yüksək nəticə göstərərək gümüş medal qazanıb.
Fərdi proqramda isə Tofiq Əliyev 29.300 xalla Avropa çempionatının
gümüş medalına layiq görülüb. Bu nəticə onun Avropa
çempionatlarında ardıcıl olaraq qazandığı ikinci gümüş
medaldır.
Bu çempionat Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq
həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında batut
gimnastikası üzrə komanda hesabında, eləcə də ikili-mini batut üzrə
gənclər arasında final mərhələlərinə yüksəlməklə yadda qalıb.
Azərbaycan gimnastları Avropa çempionatında ümumilikdə mümkün
olan 16 final mərhələsindən 13-nə yüksələrək yarışın ən uğurlu
iştirakçıları sırasında yer alıb.

