
Bakı. Trend:
Bakıda Azərbaycan Dillər Universitetində tələbələrin Pakistan
nümayəndə heyəti ilə görüşü keçirilib.
Trend xəbər verir
ki, tədbir Pakistan Mədəniyyət Mərkəzində baş tutub.
Pakistan nümayəndə heyətinin tərkibinə İnsan Hüquqları üzrə
Nazirliyin parlament katibi Saba Sadik və nazirliyin katibi Abdul
Xalik Şeyx daxil olub.
Abdul Xalik Şeyx bildirib ki, Mərkəzi ziyarət etmək və
tələbələrlə ünsiyyət qurmaq imkanından məmnundur. Onun sözlərinə
görə, gənclərin Pakistan mədəniyyəti ilə tanış olmaq, dünyagörüşünü
genişləndirmək və inkişaf etdirmək imkanının olması önəmlidir.
O vurğulayıb ki, bu kimi təşəbbüslər Pakistanın dəstəyi ilə, o
cümlədən insan hüquqları sahəsində həyata keçirilir. Onun sözlərinə
görə, xüsusi diqqət uşaq hüquqlarının qorunmasına və onların rifah
içində inkişafı üçün şəraitin yaradılmasına yönəldilir.
“Burada olmaqdan və sizinlə görüşməkdən böyük şərəf duyuruq. Biz
hesab edirik ki, uşaqların müdafiəsi məsələləri o cümlədən
parlament səviyyəsində diqqət mərkəzində qalmalıdır”,- deyə Abdul
Xalik Şeyx əlavə edib.
Saba Sadik isə öz növbəsində bildirib ki, Pakistan Yaxın
Şərqdəki münaqişənin tənzimlənməsi istiqamətində səylər
göstərir.
“Biz tərəflərin danışıqlar masasına əyləşməsi üçün çalışdıq. Bu
prosesdə bizi müxtəlif regionlardan olan ölkələr dəstəklədi.
Qarşıdurmada olan iki tərəf dialoqa başlaya bildi – bu, birgə
səylər və əməkdaşlıq ruhu sayəsində mümkün oldu. Danışıqlar baş
tutdu, lakin hələlik yekun razılaşma əldə olunmayıb”, – deyə o
bildirib.
Onun sözlərinə görə, ABŞ-nin da iştirakı ilə davam edən hazırkı
proses gələcəkdə konkret nəticələrə gətirib çıxara bilər. O
vurğulayıb ki, Pakistan regiondakı münaqişənin davam etməməsinə və
sülh yolu ilə həll olunmasına çalışır.

